27.10.2017

Şəmkirli müəllimlər üçün yeni layihənin icrasına başlanılıb

Şəmkir rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Təhsildə yeni qiymətləndirmənin tətbiqi sahəsində müəllimlərin hazırlıq səviyyəsinin və yardımçı bacarıqlarının inkişaf etdirilməsi” layihəsinin icrasına başlanılıb.

Artıq Şəmkir rayonunda dərs deyən müəllimlər üçün nəzərdə tutulan layihə çərçivəsində müəllimlərin (iştirakçıların) seçimi prosesi başlayıb. Qeyd edək ki, iştirakçıların seçimi prosesi elektron müraciətlər əsasında həyata keçiriləcək və layihədə iştirak etmək istəyən Şəmkirli müəllimlər elektron ərizə formalarını Şəmkir Rayon Təhsil şöbəsinin facebook səhifəsinə daxil olaraq göndərə bilərlər. Müracitlər üçün son tarix 5 noyabr 2017-ci ildir.

Layihənin əsas məqsədi müasir kurrikulumun və yeni qiymətləndirmə sisteminin tətbiqi sahəsində müəllimlərin hazırlıq və peşəkarlıq səviyyəsinin artırılması nəticəsində təhsildə müsbət dəyişikliklərin əldə olunmasına nail olmaqdan ibarətdir.

Layihə çərçivəsində seçilmiş müəllimlər mərhələli şəkildə “Müasir kurrikulumun tələblərinə uyğun yeni qiymətləndirmə sisteminin tətbiqi”, “Tənqidi təfəkkürün müasir kurrikulumda tətbiqi və qiymətləndirmə metodologiyası” və “Yardımçı bacarıqların inkişaf etdirilməsi” mövzusunda təlimlərdə iştirak etmək hüququ qazanacaqlar.

İcra müddəti 3 ay olan layihənin rəhbəri Türkan Məmmədovadır. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.