"Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək" layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin əsas benefisiarı olduğu “Azərbaycanda Milli Kvalifikasiya Çərçivəsinin icrasına dəstək” layihəsi Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Layihənin icra müddəti 2018-ci il yanvar ayından 2020-ci il iyun ayınadək olan dövrü əhatə edir.

Layihə Azərbaycan Respublikasının ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar Çərçivəsinin tələblərinə uyğun olaraq (bundan sonra – AzMKÇ) milli kvalifikasiyaların sistemləşdirilməsi üçün bir vasitə olmaqla təhsilalanlar, təhsilverənlər və işəgötürənlər üçün hazırlanmış və milli kvalifikasiyaların beynəlxalq kvalifikasiyalarla uyğunluğunun təhlil olunmasına xidmət edəcəkdir.

Layihənin ümumi məqsədi ömürboyu öyrənmə imkanları yaratmaqla Azərbaycanda təhsil və təlim sisteminin keyfiyyətini artırmaq, Avropa və beynəlxalq təcrübəyə uyğun olaraq təhsilin inkişafı strategiyasını yerinə yetirməkdir. Layihənin əsas hədəfləri 24 ixtisas üçün peşə standartının və kurikulumlarının hazırlanması, karyerayönümünə dəstək, peşə xəritələrinin hazırlanmasıdır. Bununla yanaşı, layihənin asağıda qeyd edilən 6 xüsusi məqsədi var:

  • MKÇ-nin həyata keçirilməsi üçün effektiv mexanizmin dəstəklənməsi;
  • Pilot sektorlarda müvafiq təhsil standartlarının tətbiqi;
  • Təhsil standartlarında bacarıqlara əsaslanan təhsilin təmin edilməsi;
  • Çevik təminat, alternativ yollar və qeyri-formal və informal öyrənmə, qiymətləndirmə vasitəsilə ömürboyu öyrənmə imkanlarının genişləndirilməsi;
  • Qiymətləndirmə və sertifikatlaşdırma proseslərinin keyfiyyət təminatı;
  • İşəgötürənlər/sektorlar, təminatçılar və öyrənənlər üçün MKÇ-dən istifadə etmək üçün effektiv məlumat və təlimatın hazırlanması.