Məktəbəhazırlıq qrupları

Uşaqların intellektual, fiziki və psixoloji inkişafında, şəx­siyyət kimi formalaşmasında və məktəbə hazırlanmasında xüsusi əhəmiyyətə malik olan məktəbəqədər təhsil vahid təhsil sistemi­nin ilk pilləsidir. Məktəbəqədər təhsil sisteminin inkişafı Azərbay­can Respublikasının dövlət təhsil siyasətinin strateji istiqa­mətlərindən biridir və bu sahəyə xüsusi diqqət yetirilir. Bu səbəb­dən, 2015-ci ildə 5 yaşlı uşaqlar üçün məktəbə hazırlıq proqramı təşkil edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti­nin 11.07.2016-cı il tarixli 271 nömrəli qərarına əsasən 2016/2017-ci tədris ilindən başlayaraq, 2020-ci ilədək uşaqların məktəbə hazırlıqla əhatə olunma səviyyəsinin mərhələlərlə 90%-ə çatdırılmasının təmini üçün zəruri tədbirlərin həyata keçir­ilməsi nəzərdə tutulmuşdur. Belə ki, proqram həftədə 4 dəfə, gündə 3 saat olmaqla cüzi aylıq ödəniş qarşılığında 5 yaşlı uşaqları məktəbə hazırlayır. Arzuolunan, müsbət nəticələrdən sonra proqram daha da genişləndirilmiş və 2016-cı ildə inanılmaz əhatəliliyə imza atılmışdır. Belə ki, 2015-ci ildə qeyd olunan proqram bütün 5 yaşlı uşaqların 24%-ni əhatə edirdisə, 2016-cı ildə bu göstərici 55%-ə çatmışdır. Başqa sözlə, 155 min nəfər 5 yaşlı uşaq arasından 37 min nəfəri keçən il məktəbə hazırlıq proqramına cəlb olunmuşdursa, bu il həmin rəqəm 86 min nəfər təşkil etmişdir. Artan 50 min uşaq kütləsinə uyğun olaraq müəllim, resurs, infrastruktur, inzibati və maliyyə mexanizmləri əvvəlcədən planlaşdırılımış, bütün müəllim heyəti lazımı təlimlərdən keçirilm­işdir. Məktəbə hazırlıq qrupları infrastrukturdan səmərəli istifadə prinsipi ilə formalaşdırıldığından, proqram mövcud məktəblərin bazasında həyata keçirilmişdir.

Bu yanaşmanın başqa bir faydası da odur ki, hazırlıq qrupunda iştirak edən məktəbin birinci sinfində təhsil almaq həm şagird, həm valideyn, həm də məktəb tərəfindən daha əlverişlidir. Layihənin uğurlu olması, ictimaiyyətin proqrama olan marağı və dövlətin məktəbəqədər təhsilə olan diqqətinin nəticəsi olaraq proqramın xərci üçün keçən il valideynlər tərəfindən ödənən aylıq ödənən aylıq məbləğ artıq 2016-cı ildən etibarən dövlət büdcəsi tərəfindən maliyyələşdirilmişdir.

Məktəbəqədər hazırlığın geniş miqyasda tətbiq edilməsi­nin səbəbi uşağın fərdi və akademik nailiyyətlərinin artmasında böyük rolundan qaynaqlanır. Beynəlxalq təcrübədə bu əlaqə ictimaiyyət tərəfindən əhəmiyyətli hesab olunduğundan inkişaf etmiş ölkələrdə məktəbəqədər təhsilin əhatəlilik faizinin yüksək olduğunu görə bilərik. Belə ki, İİƏT (İqtisadi İnkişaf və Əmək­daşlıq Təşkilatı) ölkələrində məktəbəqədər müəssisələrdə təhsil alanların sayı orta hesabla 81%, Belçika və Fransada 100%, Almaniyada 96%, ABŞ-da isə 69% təşkil edir (Qeyd: Mək­təbəqədər təhsil ilə məktəbə hazırlıq fərqli anlayışlardır. Belə ki, məktəbəqədər təhsil 1-6 yaş arasındakı bütün uşaqları əhatə edir, məktəbə hazırlıq proqramı isə ancaq 5 yaşlı uşaqlar üçün nəzərdə tutulmuşdur).

Məktəbəqədər təhsilin nəticələrini PIRLS-in (Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqat) hesabatında da görə bilərik (PİRLS) hesabatında da görə bilərik. Belə ki, PIRLS 2011 hesabatına əsasən imtahanda iştirak edən ölkələrin oxu nəticələri üzrə orta göstəricisi 4-cü sinifdə təhsil alan hazırlıqsız şagirdlərə nisbətən məktəbə hazırlıq keçmiş şagirdlərdə 44 bal yüksəkdir (müvafiq olaraq 475 və 519 bal).

   Məktəbəhazırlığın I siniflərdə şagird nailiyyətinə təsiri - Analitik hesabat