25.10.2017

"Peşəkarlıq vacibdir" layihəsinin icrasına başlanılıb

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Peşəkarlıq vacibdir” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi şagirdlərin qiymətləndirilməsi yolu ilə müəllimlərin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin müəyyən edilməsi, müəllimlərin təlim ehtiyaclarının qarşılanmasından ibarətdir.

S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın müəllim və şagirdlərini əhatə edən layihənin icrası 5 mərhələdən ibarət olacaq: 1-ci və 2-ci mərhələlərdə şagird və müəllim qiymətləndirilməsi keçiriləcək, 3-cü mərhələdə həmin qiymətləndirmələr təhlil olunacaq, 4-cü mərhələdə müəllimlər təlimlərə cəlb olunacaq, 5-ci mərhələdə isə layihənin yekun qiymətləndirilməsi keçiriləcək.

Oktyabrın 24-də təqdimatı olan layihə çərçivəsində yaxın günlərdə gimnaziyanın şagird və müəllimlərinin qiymətləndirilməsi prosesinə başlanılması nəzərdə tutulub. Qiymətləndirmə prosesində hər bir şagird bütün fənlərdən, müəllimlər isə ixtisas və metodik bilgilərdən qiymətləndiriləcək.

Ümumi təhsil müəssisələri kateqoriyası üzrə S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyanın qalib olmuş “Peşəkarlıq vacibdir” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.