25.10.2017

"Müasir şagirdə müasir düşüncəli müəllim" layihəsi çərçivəsində təlimlər davam edir

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Müasir şagirdə müasir düşüncəli müəllim” layihəsi çərçivəsində təlimlər davam edir.

Layihəsinin məqsədi müəllimlərin kompetensiyalarının artırılması, onlara psixoloji dəstək göstərilməsi, özünəinamın və motivasiyanın yüksəldilməsi istiqamətində işlərin aparılmasıdır.

Təlimlərin məqsədi müəllimləri sinfin təşkil və idarə olunması ilə bağlı  qabaqcıl dünya pedaqoji təcrübəsində olan nümunələrlə tanış etmək və mənimsəmələrinə nail olmaq, dərslərin təşkilində İKT–nin tətbiqi ilə bağlı müxtəlif üsul və vasitələri öyrətmək və onları dərsdə formativ qiymətləndirmənin düzgün aparılmasının və təlim nəticələrinin təyin olunmasının yolları ilə tanış etməkdir.

Layihə çərçivəsində baş tutan sonuncu təlimdə müdavim qismində iştirak edən müəllimlərlə Kirton testi keçirilib. Testin keçirilməsində məqsəd müəllimlər arasında innovatorları təyin etmək və onlarla bərabər stabil olaraq başladığı işi sona çatdıran –adaptorları fərqləndirməkdir.

Bununla yanaşı layihə çərçivəsində müəllim-şagird, müəllim-valideyn, müəllim-müəllim münasibətlərinin düzgün qurulması və müəllimin psixoloji durumu ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində peşəkar psixoloqun köməyinin təmin olunması nəzərdə tutulub.

Layihənin əsas məqsədlərindən biri də təlimlər bitdikdən sonra məktəbdə onun davamlılığını təmin edən Peşəkar Öyrənmə Dərnəkləri (PÖD) və xüsusi məktəb mədəniyyətinin əsasının yaradılmasıdır.

Qeyd edək ki, layihənin 13 oktyabr 2017-ci il tarixində baş tutan təqdimat mərasimində 245 nömrəli tam orta məktəbin tərəfdaşları olan Azərbaycan Müəllimlərin İnkişafı Mərkəzinin (AMİM) direktoru Qrem Pollok, əməkdaşları Gülşən Hüseynli və Vəfa Musayeva, “Təlim strategiyaları” əlavə təhsil müəssisəsinin rəhbəri Ülviyyə Əhmədova, “Psixoqamma” psixoloji mərkəzin rəhbəri Limunət Əmrahova da iştirak etmişdi.

13 oktyabrdan bəri müəllimlərə AMİM tərəfindən start verilən 4 təlim keçirilib.

Ümumi təhsil müəssisələri kateqoriyasında 245 nömrəli tam orta məktəbin qalib olmuş "Müasir şagirdə müasir düşüncəli müəllim”  layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.