24.10.2017

"Təbiətimizi tanıyaq, sevək və qoruyaq!" layihəsinin icrasına başlanılıb

Bərdədə “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Təbiətimizi tanıyaq, sevək və qoruyaq!” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi şagirdlərə Vətənimizin rəngarəng təbiətini daha yaxından tanıtmaq və sevdirməkdir. Həmçinin təbiəti antropogen təsirə məruz qoymadan istifadə etmək, ekstremal şəraitə düşdükdə təbiətdən düzgün istifadə etmək bacarıqlarını inkişaf etdirməkdir.

Layihənin tanıtımı məqsədi ilə təşkil olunan tədbirdə layihə, onun məqsədi və vəzifələri haqqında Bərdə rayonunun təhsil işçilərinə ətraflı məlumat verilib.

Sevinc Məmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.