20.10.2017

"Intellektual klub" layihəsi çərçivəsində ilk təlim keçirilib

Oktyabrın 19-da Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsinin qalibi olmuş “Intellektual klub” layihəsi çərçivəsində ilk təlim keçirilib.

Layihənin məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, intellektual yarışlara hazırlaşmaq üçün xüsusi təlimlər təşkil etmək və şagirdlərin intelektual səviyyəsini və dünyagörüşünü artırmaqdan ibarətdir. 

Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə baş tutan təlimdə Nəsimi rayonunun 54 №-li, 14 №-li, 247 T №-li, 159 №-li və Texniki Humanitar Liseyin şagirdlərindən seçim turundan uğurla keçmiş 32 şagird iştirak edib. Əsasən tanışlıq üzərində qurulan ilk təlimdə layihə iştirakçılarına növbəti təlimə hazırlaşmaq üçün mənbələr gösrərilərək müəyyən tapşırıqlar verilib.

Layihə çərçivəsində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən məktəblərin 7 və 8-ci siniflərində oxuyan intellektual səviyyəsi yüksək olan şagirdlərin seçilməsi və onların gələcəkdə respublikamızda keçirilən intellektual yarışlarda yüksək nəticə göstərmələri üçün həftədə 3 dəfə olmaqla təlimlərin keçirilməsi nəzərdə tutulub.

İcra müddəti 3 ay olan layihənin rəhbəri Almaz Qurbanovadır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.