11.12.2017

"Fəal təlim - fəal şagird" layihəsi üzrə işlər başa çatıb

11 dekabrda Şamaxıda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Fəal təlim - fəal şagird” layihəsinin final mərhələsi və bağlanış mərasimi olub.

Azərbaycan Respublikasının dövlət himni ilə başlanan tədbirdə çıxış edən layihə rəhbəri Nargilə Şıxıyeva layihənin həyata keçirildiyi 3 ay ərzində görülən işlər haqqında hesabat xarakterli məlumat verib, göstərilən dəstəyə görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə öz minnətdarlığını bildirib. Daha sonra çıxış edən layihə təlimçisi Vasif Şıxıyev, Şamaxı rayon Təhsil Şöbəsinin əməkdaşı Anar Osmanov, YAP Şamaxı rayon təşkilatı İdarə Heyətinin üzvü Şəhla Qəribova, Qaravəlli kənd tam orta məktəbinin direktoru Rahim İsmayılov öz çıxışlarında bu tipli layihələrin şagirdlər üçün əhəmiyyətini xüsusi qeyd ediblər.

Layihənin icra müddətində görülən bütün işləri özündə əks etdirən video slaydın nümayişindən sonra “Final” mərhələsinə start verilib. “Fəal təlim – Fəal şagird” layihəsinin final mərhələsində layihə qalibi olmaq uğrunda Şamaxı rayonunun T.Kərimov Göylər kənd 2 saylı, A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbinin, həmçinin rayonun A.Alxanov adına Sabir və E.Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəblərinin komandaları mübarizə aparıblar.

Gərgin bilik mübarizəsi şəraitində keçən intellektual oyunda Şamaxı rayonunun A.Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbinin komandası bütün rəqiblərini qabaqlayaraq layihənin qalibi olub. Rayonun Mədrəsə qəsəbə tam orta məktəbinin komandası ikinci yerə, Göylər kənd 2 saylı tam orta məktəbin komandası isə üçüncü yerə layiq görülüb. Sonda qaliblərə diplom, kubok və hədiyyələr təqdim olunub.

Başa çatan layihənin özünəməxsus cəhətlərindən biri də odur ki, bu layihədə Şamaxı rayonunun yalnız kənd və qəsəbə məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub. Belə ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbin “Tarix” müəllimi Nargilə Şıxıyevanın rəhbərliyi ilə həyata keçirilən “Fəal təlim-fəal şagird” layihəsi 3 ay ərzində Şamaxı rayonunun 8 kənd və qəsəbə tam orta məktəblərinin IX sinif şagirdlərini əhatə edib.

Layihənin digər xarakterik cəhəti isə bu layihə üzrə keçiriləcək intellektual oyunların 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının fənn kurikulumları əsasında qurulmasıdır.

Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarət olub. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxil idi.

Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 ay olub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.