05.12.2017

Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı növbəti təlim keçirilib.

Dekabrın 5-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi  psixoloji gərginliyinin azaldılmasına dəstək” layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif  şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması  və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.

Layihə çərçivəsində rayon tam orta məktəblərində təlimlər keçirilməsi nəzərdə tutulub ki, bununla da 300 nəfər abituriyentin  imtahanqabağı həyəcana qalib gələ biləcəyi və uğur qazanacağı düşünülür. Onlara davamlı olaraq özünə hörmət, öz  həyatının necə qiymətli olduğu fikri aşılanacaq. Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçilərək layihə çərçivəsində “Gənc Psixoloqlar” mərkəzi yaradılır. Artıq Veb 2.0 və Veb 3.0 alətlərinin köməyi ilə  internet bloq yaradılıb və görülən işlər həmin internet səhifəsində öz əksini tapacaq. Bununla yanaşı digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və aktivləşdirmək məqsədi ilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlər paylanılması, “Abituriyentin dostu” adlı kitabça çap olunması, ictimaiyyətlə əlaqələr (PR) sahəsində işlər görülməsi də nəzərdə tutulub.

Növbəti təlimin 13 dekabrda keçirilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.