12.12.2017

Proqramlaşdırma dilləri üçün vəsaitin elektron variantı hazırlanıb

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Scratch Jr və Scratch 2.0 (2 hissə) proqramlaşdırma dilləri üçün vəsaitin elektron variantının PDF formatda hazırlanması” layihəsi üzrə işlər başa çatıb.

Layihənin müəllifi və rəhbəri, Bakı ş. T.Həsənov adına 23 nömrəli tam orta məktəbin informatika müəllimi İlahə Cəfərovanın verdiyi məlumata görə bü günə kimi MIT Media Lab qrupunun məhsulu olan ScratchJr və Scratch 2.0 proqramlaşdırma dilləri üçün nəzərdə tutulmuş 2016-cı ildə çapdan çıxmış “ScratchJr proqramlaşdırma dili” və “Scratch 2.0 proqramlaşdırma dili. I hissə” kitablarının məzmunu korrektə olunaraq PDF formatına çevrilib.

“Scratch 2.0 proqramlaşdırma dili. I hissə” adlı kitab Scratch 2.0 proqramlaşdırma dili ilə tanışlıq və və ilk sadə proqramları yazmaq üçün nəzərdə tutulub. Amma bu kitaba təyinatından asılı olaraq çətin alqoritmə malik proqramlar salınmayıb. Kitabda əsasən SCRATCH 2.0 proqramlaşdırma dilinin operatorları ilə tanış olmaq, nisbətən sadə proqramlar yazmaq və sadə alqoritmləri bu proqramlaşdırma dilində necə realizə etmək qaydaları öz əksini tapıb.

Layihə çərçivəsində müəlliflər “Scratch 2.0 proqramlaşdırma dili. II hissə” adlı kitab yazılıb. Bu kitabın da məzmunu korrektə olunandan sonra onu da TN-nin tələblərinə uyğun PDF formata çevrilib. Təqdim edilən II hissədə SCRATCH 2.0 proqramlaşdırma dilində daha çətin alqoritmlərin necə realizə edilməsi nümunələrlə verilib. Kitabın müəllifləri A. Qəhrəmanov, S. Sadıqova və İ. Cəfərovadır.

Bütün kitabların məzmunu ilə psixoloq tanış olub və öz rəyini bildirib. Bu vəsaitlərdən 5-55 yaşlı bütün insanlar yararlana biləcəklər.

15 dekabr 2017-ci ildə STEP Kompüter Akademiyasının akt zalında  Layihə çərçivəsində hazırlanmış elektron vəsaitlər təhsil ictimaiyyətinə, kütləvi informasiya vasitələrinə və digər maraqlı tərəflərə təqdim ediləcək. Artıq layihənin ictimaiyyətə təqdim etmə mərasimi üçün dəvətnamələr hazırlanıb və paylanılıb.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.