09.12.2017

"Ağsutexçi"lər üçün kurslara başlanılıb.

9 dekabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsi çərçivəsində kurslara başlanılıb.

Ağsu şəhəri 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyinin “ağsutexçi”ləri üçün Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində müasir informasiya texnologiyaları və mədəni irsin konservasiyasında texniki elmlərin roluna dair kurslar başlayıb. Kursun ilk seminarı kompüter texnologiyaları və internet resurslarının idarə olunmasına həsr edilib. Əvvəlcə layihənin eksperti Dr. Fariz Xəlilli kursun proqramı haqqında məlumat verib, ağsutexçilərin öz aralarında informasiya texnologiyalarına dair biliklərini möhkəmləndirmək məqsədilə müsahibə aparmasını tapşırıb. Cütlərlə işə əsaslanan bu müsahibə “ağsutexçilər” arasında maraqla qarşılanıb, onların müstəqil təqdimat aparmasına şərait yaradıb.

Azərbaycanda ən çox vikipediya resursu yaratmış və redaktə etmiş mütəxəssislərdən olan Tərxan Paşazadə və Şəfa Mövsümov əvvəlcə vikipediyanın məqsədi və bəşəriyyətə verdiyi faydalar haqqında məlumat veriblər. “Ağsutexçilər”ə vikipediyadan istifadə yolları öyrədilib, onlarla bir yerdə praktik şəkildə vikipediyada məlumat yerləşdirilməsi, redaktə edilməsi qaydaları həyata keçirilib. İlk olaraq Ağsu məktəbləri kateqoriyasında Ağsu şəhəri 1 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin vikipediya səhifəsi yaradılıb.

Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.