25.11.2017

Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı növbəti təlim keçirilib.

Noyabrın 25-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi  psixoloji gərginliyinin azaldılmasına dəstək" layihəsi çərçivəsində növbəti təlim keçirilib.

Təlimdə İsmayıllı rayon 6 nömrəli tam orta məktəbində layihə rəhbəri Pərvanə Piriyeva, məktəbin direktoru Qalib Bəşirov, layihənin təlimçisi S.Həmzəyeva, məktəbin psixoloqu İsgəndərov Ağakərim, könüllülər Jalə Qanızadə ,Aişə Səfərova, A.Piriyev və həmin məktəbin buraxılış sinif şagirdləri iştirak edib. Təlimdən əvvəl şagirdlərin təşviş və həyəcanının səviyyəsinin ölçülməsi üçün test aparılıb.

Təlim məktəbin abituriyentləri üçün imtahanöncəsi gərginlikdən necə  can qurtarmaq barəsində maraqlı disskussiya şəklində təşkil olunub. Təlim zamanı  şagirdlər üçün vizualizasiya yolu ilə keçirilən “10 il sonra Mən” başlıqlı  fəaliyyət onlarda böyük maraq yaradıb. Daha sonra əvvəlcədən keçirilmiş və psixoloq  rəyi əsasında müəyyən olunmuş həyəcan və təşviş sorğusunun nəticələrinə görə daha çox həyəcana malik olan abituriyentlərlə müvafiq iş aparılıb.

Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif  şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması  və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.

Layihə çərçivəsində rayon tam orta məktəblərində təlimlər keçirilməsi nəzərdə tutulub ki, bununla da 300 nəfər abituriyentin  imtahanqabağı həyəcana qalib gələ biləcəyi və uğur qazanacağı düşünülür. Onlara davamlı olaraq özünə hörmət, öz  həyatının necə qiymətli olduğu fikri aşılanacaq. Eyni zamanda hər bir təhsil müəssisəsində davamlı təlimlər keçirilməsi məqsədi ilə könüllülər seçilərək layihə çərçivəsində “Gənc Psixoloqlar” mərkəzi yaradılır. Artıq Veb 2.0 və Veb 3.0 alətlərinin köməyi ilə  internet bloq yaradılıb və görülən işlər həmin internet səhifəsində öz əksini tapacaq. Bununla yanaşı digər pedaqoji işçiləri və gəncləri bu sahədə məlumatlandırmaq və aktivləşdirmək məqsədi ilə keçiriləcək aksiyada hazırlanmış maarifləndirici, informativ bukletlər paylanılması, “Abituriyentin dostu” adlı kitabça çap olunması, ictimaiyyətlə əlaqələr (PR) sahəsində işlər görülməsi də nəzərdə tutulub. Layihənin Web-bloqu artıq hazırdır, ünvan belədir: https://abituriyentindostu.blogspot.com/

29 noyabr – 02 dekabr tarixləri arasıında növbəti təlimlərinin keçirilməsi, informativ bukletlərin paylanılması aksiyası, layihənin web-bloqunun ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.

Fərdi kateqoriyada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.