13.11.2017

Qusarlı şagirdlər peşəyönümü işinin inkişafı ilə bağlı Qəbələyə ekskursiya ediblər.

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Qusar rayon Balaqusar Bələdiyyəsi ərazisində yerləşən 4 ümumtəhsil məktəbində peşəyönümü işinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində şagirdlərin Qəbələyə ekskursiyası təşkil edilib.

13 noyabrda peşə təhsilinə maraq göstərən şagirdlərin Qəbələ şəhərində  yerləşən Dövlət Peşə Təhsil Mərkəzinə  ekskursiyası (info-tur) təşkil olunub. Ekskursiya zamanı şagirdlər Dövlət Peşə Təhsil Mərkəzində öyrədilən müxtəlif peşə sahələri ilə tanış olub, əyani olaraq istehsalat  prosesində iştirak edib, maraqlandıqları peşə sahələri ilə bağlı suallara cavab alıblar. Dövlət Peşə Agentliyinin şöbə müdiri Eldar Salahov, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Azad müəllim peşə təhsilinin əhəmiyyəti və gələcək prespektivləri haqqında şagirdlərə ətraflı məlumat veriblər.

Buna qədər isə layihə çərçivəsində 3-4 noyabr tarixlərində Həsənqala kənd tam orta məktəbində müəllimlər üçün təlimlər təşkil olunub. Təlim  keçmiş müəllimlər də öz növbələrində Həsənqala, Bədirqala, Balaqusar və  Köhnə Xudat Qazmalar kənd məktəblərində təhsil alan VIII-XI sinif şagirdləri üçün dərslər keçiblər.

Hazırda layihə  çərçivəsində   görüləcək  işlər  plana  uyğun  davam  etdirilir. Müəllimlər üçün təlim-seminarlar, şagirdlər üçün peşəyonümü dərsləri təşkil olunur. Növbəti tədbir kimi 28 noyabrda Xaçmaz rayonunda yerləşən Peşə Liseyinə şagirdlər üçün  infotur təşkil olunması nəzərdə tutulub.

Layihənin məqsədi səmərəli peşəyönümü sistemini hazırlayıb qurmaq vasitəsi ilə IX-XI sinif şagirdlərinin peşə və ixtisas seçimini təkmilləşdirmək və digər ümumtəhsil məktəblərində onların tətbiq edilməsi üçün nümayiş etdirməkdir.

Ümumilikdə layihə çərçivəsində Həsənqala, Bədirqala, Balaqusar və Köhnə Xudat Qazmalar kənd məktəblərində könüllü müəllimlərdən peşəyönümü və ixtisasseçimi üzrə təlimçi–mütəxəsislərin hazırlanması, şagirdlər üçün peşəyönümü təlimlərinin və testlərin keçirlməsi, məsləhətlərin verilməsi, ümumtəhsil məktəbləri və peşə məktəbləri arasında əlaqələrin qurulmas, peşə məktəblərinə informasiya turlarının təşkil olunması, fiziki  qüsurlu məktəblilərin peşəyönümü təlimlərində iştirakının təmin edilməsi nəzərdə tutulub.

Qusar rayon Həsənqala kənd tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.