11.11.2017

"Oxu dostları" klubunun üzvləri tanınmış yazıçılarla görüşüb

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Oxu dostları” klubu layihəsinin iştirakçılarının Zahid Xəlil və Rafuq Yusifoğlu ilə görüşü olub.

11 noyabrda Sumqayıt şəhər Poeziya evində tanınmış yazıçı və şairlər Zahid Xəlil və Rafuq Yusifoğlu ilə görüşdə “Oxu dostları” klubu layihəsinin iştirakçıları hekayə yazmaq və mövzunu seçmək haqqında ətraflı məlumat əldə ediblər.

“Oxu dostları” klubu layihəsinin başlıca məqsədi şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək, mütaliə vərdişlərini təkmilləşdirməkdir.

Layihə Sumqayıt şəhər İ.Qayıbov adına  1 №-li tam orta məktəbin 3 və 8-ci sinif şagirdlərini əhatə edir.

Ümumilikdə layihə çərçivəsində şagirdlərin oxuma, yazma və təqdimat bacarıqlarını inkişaf etdirmək üçün oxu və yazı bacarıqları üzrə təlimlər keçirilməsi, onların Sumqayıt Şəhər Mərkəzi Uşaq Kitabxanasının heyəti ilə mütəmadi görüş və müzakirələri, seçilmiş əsər üzrə tamaşa hazırlamaları və Sumqayıt Şəhər Dram Teatrında tamaşanın və yekun hesabatın təqdimatı nəzərdə tutulub.

Fərdi kateqoriyada Aidə Ələkbərovanın rəhbərliyi ilə qalib olmuş layihə öz işini 2017-ci ilin 22 dekabrında başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.