11.11.2017

Təlimçi müəllimlərə təlim keçirilib

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "IV siniflərdə dərs deyən əsas müəllimlər üçün təlimlər” layihəsi çərçivəsində təlimlər davam edir.

Təlimçi müəllimlər üçün nəzərdə tutulmuş təlimdə DQ-də Ağcabədi rayonu üzrə ixtisasdan ən yüksək nəticə göstərmiş müəllimlər iştirak edib. Qeyd edək ki, təlimdən müsbət rəy alan müəllimlərin DQ-də ixtisas üzrə aşağı nəticə göstərmiş müəllimlərə təlimlər keçməsi nəzərdə tutulub.

Layihənin əsas məqsədi Ağcabədi rayonu üzrə təlimçi müəllimlər  qrupu formalaşdırmaq, IV sinifdə dərs deyən əsas  müəllimlərin ixtisas və metodik  səviyyəsini yüksəltməkdən ibarətdir.

Artıq layihədə iştrak edəcək təlimçi və müdavim müəllimlər müəyyənləşib. Təlimlərə  DQ-də İxtisas üzrə ən yüksək nəticə göstərmiş müəllimlərin təlimçi qismində, ixtisasdan 25 baldan aşağı nəticə göstərən müəllimlərin isə müdavim qismində  cəlb edilməsi nəzərdə tutulub.

Layihə çərçivəsində 24 nəfər müəllimin təlimçi təlimində,76 nəfər müəllimin  isə pedaqoji səviyyənin yüksəldilməsi üçün nəzərdə tutulmuş təlimdə iştrak edəcək.

Təlimlərin Ağcabədi şəhər M.F.Axundov adına 3 nömrəli məktəb-lisey və E.İsmayılov adına Hindarx qəsəbə 1 saylı tam orta məktəbdə keçirilməsi planlaşdırılıb.

2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin Ağcabədi rayon üzrə qalibi  Ağcabədi rayon Hindarx qəsəbə 1 saylı tam orta məktəbin İnformatika müəllimi Dəyanət Fərzəliyevin rəhbərlik etdiyi layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.