08.11.2017

Şamaxıda "Fəal təlim - fəal şagird" layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Şamaxıda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Fəal təlim - fəal şagird” layihəsi çərçivəsində növbəti təlimlər keçirilib.

Layihə üzrə növbəti təlimlər 6 noyabrda Şamaxı rayonunun A. A. Rəcəbov adına Qaravəlli kənd tam orta məktəbində, 8 noyabrda isə rayonun İ. Rəsulov adına Muğanlı kənd tam orta məktəbində keçirilib. Hər 2 məktəbin şagirdləri üçün təşkil olunmuş layihə təlimlərində layihə rəhbəri N. Şıxıyeva və layihə təlimçisi V. Şıxıyev ilə yanaşı məktəb direktorları və ayrı-ayrı fənn müəllimləri də iştirak ediblər. Təlimlərin mövzusu layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili ilə bağlı olub.

Təlimçi Vasif Şıxıyev 3 ay müddətinə Şamaxı rayonunun bir neçə ümumtəhsil məktəbinin şagirdləri arasında reallaşdırılacaq layihənin əhəmiyyəti, mərhələləri və keçirilmə şərtləri haqqında ətraflı məlumat verib, iştirakçıların suallarını cavablandırıb. “Fəal təlim-Fəal şagird” layihəsi iştirakçı şagirdlər tərəfindən böyük maraqla qarşılanıb.

Layihənin özünəməxsus cəhətlərindən biri də odur ki, bu layihədə Şamaxı rayonunun yalnız kənd və qəsəbə məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub. Layihənin digər xarakterik cəhəti isə bu layihə üzrə keçiriləcək intellektual oyunların 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının fənn kurikulumları əsasında qurulmasıdır.

Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərimizə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.

Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.