10.11.2017

"Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi" layihəsi üzrə işlər davam etdirilir

Biləsuvar rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsi çərçivəsində işlər davam etdirilir.

İcra planına uyğun olaraq layihənin rəsmi açılışından sonra növbəti mərhələlərinə start verilib. Belə ki, ilk olaraq 2015-2016-cı və 2016-2017-ci tədris illərinin statistikasına əsasən Biləsuvar rayonunun 36 məktəbindən 9-cu sinif şagirdlərinin nəticələrinə görə aşağı pillələrdə qərarlaşmış 6 məktəb üzrə mərkəzləşdirilmiş 2 tam orta məktəb seçilib. 1-ci mərkəzləşdirilmiş məktəb Biləsuvar şəhər 2 saylı tam orta məktəbi, 2-ci mərkəzləşdirilmiş məktəb isə Ağalıkənd kənd tam orta məktəbi təyin olunub. Bu mərkəzlərin təyin olunmasında məqsəd layihə çərçivəsində şagirdlərlə təşkil olunacaq görüşlərin və sınaq imtahanlarının daha effektiv olunmasına nail olmaqdır.

Layihənin növbəti mərhələsində ilk olaraq layihə rəhbəri Elvina Hüseynova və layihədə ekspert qismində çıxış edən Hüseyn Hüseynov, seçilmiş mərkəzlərdə 6 məktəbin 9-cu sinif şagirdləri ilə görüş keçiriblər. Bu görüşün əsas məqsədi həm layihə, həm də buraxılış imtahanlarının yeni qaydaları barədə şagirdlərə ətraflı məlumat verərək onların fikri ilə tanış olmaqdan ibarət olub.

Şagirdlər ilə görüşdən sonra buraxılış imtahanın ilk mərhələsinin qaydalarına uyğun sınaq imtahanı təşkil olunub. Sınaq imtahanı zamanı daha öncə layihənin 1-ci mərhələsində rəsmi açılış zamanı seçilmiş fənn müəllimlərinin köməyindən də könüllü olaraq istifadə edilib. Bu sınağın həyata keçirilməsi zamanı 6 məktəbdən 210 şagird və 15 könüllü müəllim iştirak edib.

Ümumilikdə buraxılış imtahanların birinci mərhələsi üçün 2 sınaq imtahanının, ikinci mərhələsi üçün isə 1 sınaq imtahanının keçirilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada Elvina Hüseynovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.