09.11.2017

"Qonaq-şagird"lər yeni məktəblərində

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Qonaq-şagird” layihəsi çərçivəsində şagird mübadiləsi baş tutub.

Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəb və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbə yerləşdirilən “qonaq-şagird”lər artıq 2 noyabrdan bəri təhsillərini həmin məktəblərdə davam etdirir, məktəblərin ictimai həyatında fəal iştirak edirlər.

Şagirdlər qonaq olduqları məktəbdə noyabr ayının 16-dək təhsil alacaqlar. Noyabrın 17-də isə layihənin iştirakçı məktəblərinin müəllim və şagirdləri Bakı şəhəri 299 saylı məktəb-liseydə bir araya gələcəklər.

Layihənin əsas məqsədi bölgə və şəhər məktəbləri arasında əlaqələri genişləndirmək, təcrübə mübadiləsi aparmaqla qarşılıqlı əməkdaşlıq əsasında təhsilin keyfiyyətini daha da artırmaq, hansı məktəbdə təhsil almasından asılı olmayaraq, hər bir şagirdin bərabər təhsil mühiti ilə təmin olunmasına şərait yaratmaqdır. Bu məqsədlə layihə çərçivəsində bir neçə məktəb arasında iki həftə müddətində şagird mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulub.

Layihə Bakı şəhəri 299 saylı məktəb-liseyi, Beyləqan rayonu Namiq Abdullayev adına 1 saylı tam orta məktəbi və Goranboy rayonu Qızılhacılı qəsəbə Mahir Dosiyev adına 2 saylı tam orta məktəbi əhatə edir.

Layihə çərçivəsində 8 şagirdin bölgələrdən Bakı məktəbinə, 8 şagirdin isə Bakıdan bölgə məktəblərinə mübadilə edilərək iki həftə orada təhsilini davam etdirməsi nəzərdə tutulub. Bu müddətdə layihə iştirakçıları olan şagirdlər və onların müəllimləri arasında aparılan rəy-sorğular eyni şagirdlərə fərqli müəllimlərin, eyni məktəblərə isə fərqli şagirdlərin gözü ilə baxmağa imkan yaradacaq. İki həftəlik təhsil müddətinin sonunda hər üç məktəbin pedaqoji kollektivlərinin nümayəndələri “Dəyirmi stol” arxasında problemləri müzakirə edəcəklər. Şagirdlərin təəssüratlarını əks etdirən dərgi nəşr olunacaq.

Nuriyyə Verdiyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.