08.11.2017

Ucarda 100-dən çox müəllimin cəlb ediləcəyi təlimlər davam edir

Ucarda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Kurikulumlar üzrə müəllimlərin bilik bacarıqlarının artırılması” layihəsi çərçivəsində nəzərdə tutulan zonalar üzrə təlimlər davam edir.

Oktyabrın 30-da layihə çərçivəsində Ucar şəhər 3 nömrəli tam orta məktəbdə başlayan ikinci təlim artıq yekunlaşmaq üzrədir. Təlimə 8 məktəbdən 28 müəllim cəlb edilib.

6 noyabrda isə qərb zonası üzrə Qazqumlaq 2 nömrəli tam orta məktəbdə yeni təlim mərkəzi fəaliyyətə başlayıb və hazırda təlimlər davam edir.

Layihə çərçivəsində ilk təlim 23 oktyabr-03 noyabr tarixləri arasında 10 məktəbdən 32 müəlliin iştirakı ilə Ucar rayon Alpı kənd tam orta məktəbində keçirilib.

Layihənin əsas məqsədi  Ucar rayonunun şəhər və kənd məktəblərində dərs deyən  müəllimlərə pedoqoji dəstək göstərmək, kurikulum istiqamətində təlimlərin təşkili ilə bilik və bacarıqlarının daha da artırılmasına nail olmaqdır. Eyni zamanda məktəblərdə praktik şəkildə açıq dərslərin qurulmasında, təşkilində və keçirilməsində müəllimlərə köməklik göstərmək, rayonun məktəb və müəllimləri arasında əlaqərin qurulmasına nail olmaq da məqsədlər arasında yer alır.

Layihə çərçivəsində Diqnostiq qiymətləndirmədən zəif nəticə ilə çıxan ibtidai sinif müəllimlərinə, GÇQH fənn müəllimlərinə və MİQ dən keçərək yeni pedoqoji fəaliyyətə başlayan müəllimlərə kurikulumlar üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilir. Təlimlərin Ucar rayonunda Alpı kənd tam orta məktəbi, Ucar şəhəri 3 № li tam orta məktəb, Qazqumlaq 2 № li tam orta məktəb və Qəzyan 1 № li tam orta məktəbdə olmaqla 4 zonada keçirilməsi nəzərdə tutulub. Ümumilikdə təlimlərə 100-dən artıq müəllimin cəb olunması gözlənilir.

Ümumi təhsil müəssisələri kateqoriyasında Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin qalib olmuş “Kurikulumlar üzrə müəllimlərin bilik bacarıqlarının artırılması” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.