07.11.2017

"Məktəblərarası əlaqə" layihəsi çərçivəsində seminar keçirilib

7 noyabrda Saatlı rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriyalar üzrə qalibi olmuş "Məktəblərarası əlaqə" layihəsi çərçivəsində növbəti görüş keçirilib.

Saatlı rayonu Qarayevkənd kənd tam orta məktəbinin 10-11-ci sinif şagirdləri ilə Saatlı rayonu Heydər Əliyev mərkəzində keçirilən görüşdə qrant layihəsi çərçivəsində məktəblilərə ulu öndər Heydər Əliyevin irsi ilə bağlı tarix dərslərinin keçirilməsi və buraxılış imtahanları ilə bağlı seminar keçirilib. Görüşdə Dədə Qorud kənd tam orta məktəbinin tarix müəllimi Kamran Nəsirov çıxış edərək gənclərə ulu öndərinhəyat yolu ilə bağlı ətraflı məlumat verib. O, qeyd edib ki, Saatlı rayonu Axısxa türklərinin sıx məskunlaşdığı ərazilərdən biridir və məhz bu şagirdlərin seçilməsində məqsəd Axısxa türklərinin bilik və bacarıqlarının yüksəldilməsi, onların buraxılış imtahanlarına hazırlığı ilə bağlı məsləhətlərin verilməsidir. Sonda şadirdlərə ulu öndərlə bağlı film nümayiş etdirilib.

Layihənin əsas məqsədi Saatlı rayonunda fəliyyət göstərən məktəblər arasında əməkdaşlığı və valideynlərlə məktəblər arasında əlaqələri inkişaf etdirmək, multukultural tədbirlər keçirmək, şagirdlərin buraxılış imtahanlarına hazırlanmasını təmin etməkdən ibarətdir.

AzTV-də yayımlanan "Mən azərbaycanlıyam" milli intellektual oyununun 5-ci mövsümünün qalibi, Təhsil Nazirliyinin "Məktəblinin dostu" və "Təhsil menecerlərinin peşəkarlıq inkişafı" layihələrinin iştirakçısı olaraq fəal müəllim kimi təhsil meneceri seçilən Kamran Nəsirovun fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır. 

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.