03.11.2017

"Ağsutexçilər" məktəb ərazisində meyvə ağacları əkiblər

3 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsi çərçivəsində ağac əkimi aksiyası keçirilib.

“Ağsutexçilər” A.T.Nadirov adına Ağsu şəhər 1 №-li təbiət fənnləri təmayüllü məktəb-liseydə Biopark yaradılması üçün nəzərdə tutulmuş ərazidə meyvə ağaclarının əkimi tədbiri keçiriblər. Layihədə iştirak etmək üçün əvvəlcədən sorğu əsasında seçilmiş könüllü şagirdlərin və müəllimlərin iştirak etdiyi tədbirdə alma, heyva, albalı, gilas, əzgil, tut və s. meyvə ağacları və eləcə də gül ağacları əkilib. Həmin ərazidə əvvəldən də ağaclar olduğuna və ağacların budanma mövsümü olmadığına görə layihə icraçıları belə qərara gəldilər ki, yaxın gələcəkdə həmin ağacların, eləcə də təzə əkilən ağacların budanması və zərərvericilərə qarşı və eyn zamanda səliqəli görünməsi üçün ağardılması tədbirləri keçirilsin.

Tədbir məktəb kollektivi tərəfindən maraqla qarşılanıb.

"AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsulları istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.

Layihə çərçivəsində həm AzGranata qida sənayesi müəssisəsinin laboratoriyasında, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində praktiki kurslar keçirilməsi nəzərdə tutulub. Həmin kurslarda iştirak edəcək məktəblilərin seçimi üçün iki mərhələdə seçim turu olub. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunaraq 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilib.

Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.