04.11.2017

"Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu" layihəsinin açılış mərasimi keçirilib

4 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Fiziki qüsurlu istedadlı məktəblilərin I Ümumrespublika Forumu” adlı layihənin açılış mərasimi keçirilib.

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbində baş tutan tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov, rayon ictimaiyyəti, 55 və 95 nömrəli orta məktəbin sağlamlıq imkanları məhdud olan şagirdləri iştirak edib.

Tədbiri giriş sözü ilə açan 59 nömrəli tam orta ümumtəhsil məktəbin direktoru Kəmalə Şıxlinskaya qeyd edib ki, layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan xüsusi istedadlı və yaradıcılıq qabiliyyətli yeniyetmə və gənclərin cəmiyyətə inteqrasiyası və onların ictimai həyatdan uzaqlaşmasının qarşısının alınmasıdır. Layihə çərçivəsində görülən işlərdən danışan məktəb direktoru iştirakçıların nəzərinə çatdırıb ki, layihə çərçivəsində ilkin olaraq Əsasnamə tərtib edilib və Respublika ərazisində yerləşən sağlamlıq imkanları məhdud və valideyn himayəsindən məhrum olan uşaqlar üçün ayrılmış xüsusi internat məktəblərinin şagirdləri və məktəb nümayəndəlikləri üçün layihə ilə bağlı bir sıra maarifləndirici görüşlər keçirilib, onlara layihənin mahiyyəti haqqında məlumat verilib və layihəyə hazırlıq işləri görülüb. O, əlavə edib ki, Forumun bağlanış mərasiminə qədər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi internat məktəblərində təlimlər keçiriləcək.

Sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf layihələri sektor müdiri Anar Qədimalıyev qeyd edib ki, hal-hazırda Azərbaycanda mindən çox sağlamlıq imkanları məhdud olan insan var ki, bunların da 1000-ni gənclər təşkil edir. Bu gənclərin uşaqlıqdan qarşılaşdıqları reaksiyalara görə hamıdan qaçaraq özlərini real həyatdan təcrid edərək tənhalığa məhkum etmələri onların sosiallaşmasına böyük əngəllər törədir. Həyata keçirilən bu layihənin də məqsədi xüsusi qayğıya ehtiyacı olan yeniyetmə və gənclərin özlərini cəmiyyətə inteqrasiya etməsini, sosiallaşmasını təmin etməklə özlərini ən fəal və ən aktiv gənclər kimi görmələrini təşkil etməkdir. Çünki onlar da cəmiyyətin bir parçasıdır.

Daha sonra Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov çıxış edib. O, öz çıxışında belə bildirdi: "59 nömrəli tam orta məktəbin layihəsi öz orijinallığı və humanist mahiyyəti ilə diqqət çəkir. Azərbaycan dövlətinin sosial siyasətinin də humanistliyə əsaslanması, xüsusi qayğıya ehtiyacı olan insanlara daim dayaq durması layihənin ideyasının ciddi əsaslara söykəndiyini söyləməyə imkan verir.

Təhsil Nazirliyinin reallaşdırdığı 1-ci Qrant Müsabiqəsinin əhəmiyyəti ondan ibarətdir ki, təhsil müəssisələrinin həyatı daha da canlanır, səmərəli ideyalar dəstəklənir. Yaxşı təşəbbüslərin dəstəkləndiyinə şahid olan digər məktəblər və müəllimlər də fəallığını və təşəbbüskarlığını artırır. İnanıram ki, bu layihə ideyası hər hansı bir formada ölkəmizin digər məktəblərində də həyata keçirilə bilər. Yeni İdeyanın uğurlu olması layihənin ümumilikdə uğurla reallaşdırılacağına inam yaradır."

Xətai rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov bildirib ki, bu cür yüksək səviyyədə həyata keçirilən layihələr, eyni zamanda xüsusi qayğıya və müdafiəyə ehtiyacı olan uşaqların sosial xidmətlərə yönəldilməsi təqdirəlayiqdir. Bu cür xidmətlərin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi, həmin layihələr əsasında əldə edilmiş nəticələrin yüksək səviyyədə dəyərləndirilməsi fiziki qüsurlu istedadlı yeniyetmə və gənclərin cəmiyyətdə nüfuz qazanmasına xeyli yardım edəcək.

Bakı şəhəri Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.