30.10.2017

"Psixo-pedaqoji maarifləndirmə xidməti" layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb

Oktyabrın 30-da Qazaxda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Psixo-pedaqoji maarifləndirmə xidməti” layihəsi çərçivəsində təlimlərə start verilib.

Təlimdə Qazax şəhəri 3№-li tam orta məktəb, Daş Salahlı kənd 1№-li tam orta məktəb, Qarapapaq kənd ümumi orta məktəb və Dəmirçilər kənd tam orta məktəbin psixoloq və sinif rəhbərləri iştirak ediblər. Təlimin məqsədi iştirakçıların pedaqoji və psixoloji peşəkarlıqlarını artırmaq olub.

“Psixo-pedaqoji maarifləndirmə xidməti” layihəsinin əsas məqsədi məktəb psixoloqları, sinif rəhbərləri və valideyinlər üçün silsilə maarifləndirici təlimlər keçirmək, həmin təlimlərdə psixoloji təcavüzün əlamətləri, növləri və fəsadları haqqında mühüm nüansları onlara çatdıraraq şagirdlər üçün ailədə və məktəbdə optimal psixoloji fonda təhsilin keyfiyyətinin artırılmasına nail olmaqdır. Layihə Qazax rayonunun şəhər və kənd məktəblərinin şagird, valideyin, psixoloq və müəllimlərini əhatə edir.

Qeyd edək ki, artıq layihəyə çərçivəsində hazırlıq işləri, çap və elektron vəsaitlərin hazırlanması və müqavilələrin bağlanması işləri başa çatıb.

Hazırda layihə çərçivəsində təlimlərlə yanaşı layihə mövzusuna (psixoloji təcavüz) aid şagirdlər tərəfindən irəli sürülən təklifə dəstək olaraq, 15 oktyabrdan etibarən həmin mövzuda şagird filmlərinin çəkilişinə də dəstək verilir.

Layihə çərçivəsində növbəti təlimin 2 noyabrda Bakı şəhəri 3 saylı tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub. Təlimdə Qazax rayonunun yuxarıda adları qeyd edilən məktəblərinin psixoloqları iştirak edəcəklər.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi Şəlalə Nazim qızı Məhərrəmovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 22 dekabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.