27.10.2017

"Məktəbli valideyn" layihəsi çərçivəsində "Dahi Nizami" adlı araşdırma dərnək təşkil olunub

Oktyabrın 27-də “Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Məktəbli valideyn” layihəsi çərçivəsində araşdırma mövusunda növbəti dərnək təşkil edilib.

Bu dəfə layihə rəhbəri Gülər Babayeva İsmayıllı rayonu Topçu kənd tam orta məktəbinin şagirdlərinin maraq və istəyini nəzərə alaraq "Dahi Nizami" adlı araşdırma mövzulu dərnək təşkil edib. Məqsəd şagirdlərdə araşdırma üzrə vərdişlər və müxtəlif mənbələrdən (kitab, müəllim, internet) əldə etdikləri  biliklər əsasında təqdimat hazırlayaraq təqdimetmə bacarıqlarının formalaşmasına nail olmaq olub. 

Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan sinifdənxaric tədbirlərin mövzusu əsasən mövcud şəraiti gözləməklə  şagirdlərin meyl və maraqları, arzu və istəkləri əsas götürülməklə seçilir.

“Məktəbli valideyn” layihəsinin əsas məqsədi məktəbdə dərs saatlarından sonra dərnəklər təşkil etməklə ibtidai sinif şagirdlərinin şəxsiyyət kimi yetişməsinə, müsbət şəxsi və mənəvi keyfiyyətlərə sahib olmasına dəstək olmaq, zərərli vərdişlərdən uzaq olmalarına nail olmaqdan ibarətdir. Bundan başqa layihə dəsrdən sonra təşkil olunacaq dərnəklər hesabına valideynlərin məktəblə sıx əlaqə yaradaraq bir növ “məktəbli valideyn”ə çevrilməsinə hədəflənib.

Layihə çərçivəsində 28 oktyabrda “Qarabağ döyüşçüləri ilə görüş” adlı növbəti tədbirin keçirilməsi planlaşdırılır. Tədbirin keçirilməsində məqsəd şagirdlərin vətənpərvərlik hisslərinin gücləndirilməsinə nail olmaqdır. Tədbirə müxtəlif illərdə döyüşən Qarabağ müharibəsi qaziləri və  valideynlərin dəvət edilməsi nəzərdə tutulub.

Fərdi kateqoriyada Gülər Babayevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.