22.10.2017

"Yeni təlim texnologiyaları və müəllim bacarığının artılması" layihəsinin icrasına başlanılıb

Goranboy rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Yeni təlim texnologiyaları və müəllim bacarığının artılması” layihəsinin icrasına başlanılıb.

Layihənin əsas məqsədi müəllimlərdə elektron tədris resurslarına marağın artırılması nail olmaq və dərs prosesində müasir təlim texnologiyalarından istifadə etməklə dərs prosesinə yenilik gətirməkdən ibarətdir.

Bu məqsədlə layihə çərçivəsində 22 oktyabr - 22 dekabr tarixləri arasında həftədə 2 dəfə olmaqla 2 məntəqə üzrə seçilmiş 40 müəllimə 3 modul üzrə təlim keçirilməsi nəzərdə tutulub. Bu müddət ərzində ilk olaraq “MS Powerpoint” proqramının imkanları və dərs prosesində tətbiqi, “Activİnspire” proqramında elektron lövhədə dərs hazırlanma imkanları öyrədiləcək. Son mərhələdə isə müəllimlərə yerli və xarici veb resurslar barədə məlumat veriləcək və onlar “Powtoon”, “Prezi”, “Google Form”, “Pixton”, “Doontoon”  kimi resurslarla işləmə prinsipləri ilə tanış ediləcək.

Fərdi kateqoriyada Sona Məmmədovanın qalib olmuş layihəsinin icrasının 22 dekabrda başa çatması nəzərdə tutulub.   

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.