27.10.2017

Ağdaşda "Gələcəyə doğru" layihəsi çərçivəsində intellektual oyun keçirilib

Ağdaşda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Gələcəyə doğru” layihəsi çərçivəsində məktəblilər arasında intellektual oyun keçirilib.

"Payız kuboku" üzrə keçirilən "Nə? Harada? Nə zaman?" intellektual oyununun keçirilməsində məqsəd şagirdlərin intellektual potensiallarını ortaya çıxarmaq, onlarda oxumağa, öyrənməyə, araşdırma aparmağa stimul yaratmaqdır. Oyunda V-XI sinif şagirdlərinin daxil olduğu 8 komanda iştirak edib. Gərgin və maraqlı keçən oyunda ilk 4 yeri tutan "Qarabağ", "Everest", "Eratosfen" və "Omeqa" komandaları "Xəmsə" MİO-na vəsiqə qazanıb. Qeyd edək ki, "Xəmsə" MİO-nun qalibi olan komandaya kubok, fərqlənən komandalara isə diplom və medallar təqdim olunacaq.

“Gələcəyə doğru” layihənsinin məqsədi şagirdlərin dünyagörüşünü stimullaşdırmaq, onlar arasında dostluq münasibətlərini inkişaf etdirmək, bacarıq və istedadlarını üzə çıxarmaq, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və digər dəyələri haqqında daha geniş məlumat verməkdir. Bu məqsədlə layihəninin gedişində intellektual oyunlar, təqdimatlar, müsabiqələr, səfərlər nəzərdə tutulur. Hər bir müsabiqə sonunda qaliblər mükafatlandırılır.

Layihənin əsasən Ağdaş rayonu N.Babayev adına Qəribli kənd tam orta məktəbinin V-XI sinif şagirdlərini əhatə etməsi nəzərdə tutulub. 

Ümumi təhsil müəssisələri kateqoriyasında Ağdaş N.Babayev adına tam orta məktəbin qalib olmuş "Gələcəyə doğru”  layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.