11.01.2018

Təhsil İnstitutundan doktorantura və dissertantura iddiaçıları üçün xaricdə təhsil almaq imkanı

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) cari ildə doktorantura və dissertanturada təhsil almaq istəyən iddiaçılar üçün yeni imkanlar təklif edib.

İnstitut rəhbərliyinin təşşəbbüsü ilə 2017-2018-ci tədris ilində fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə ARTİ-də təhsil alanlar arasında fərqlənənlər üçün xaricdə mübadilə proqramları vasitəsi ilə tədqiqat aparmaq və təcrübə keçmək, yerli layihələrə cəlb olunmaq və təqaüd almaq imkanları yaradılıb.

Məqsəd yüksək səviyyəli mütəxəssis hazırlığının beynəlxalq standartlara və dövrün tələblərinə uyğunlaşdırılmasının zəruriliyini nəzərə alaraq, elmi-tədqiqat işlərinin aparılması istiqamətində doktorant və dissertantların peşəkar inkişafına dəstək olmaq və gəncləri elmi fəaliyyətə daha geniş miqyasda cəlb etməkdir.

Qeyd edək ki, 2017-ci ilin dekabr ayının sonlarında Azərbaycan Respublikasının Təhsil İnstitutu 2017-2018-ci tədris ili üçün fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə doktoranturanın əyani və qiyabi şöbələrinə və dissertanturaya qəbul elan edib və hazırda sənəd qəbulu davam edir.

Ali təhsilin doktorantura səviyyəsi üzrə ixtisasların təsnifatına əsasən İnstitutda hal-hazırda aşağıdakı elm sahələri və ixtisaslar mövcuddur: təlim və tərbiyənin nəzəriyyəsi və metodikası, təhsilin təşkili və planlaşdırılması, ümumi pedaqogika, pedaqogikanın və təhsilin tarixi, korreksion pedaqogika və pedaqoji psixologiya.

Fəlsəfə doktoru və elmlər doktoru hazırlığı üzrə doktoranturaya və dissertanturaya sənəd qəbulu 29 yanvar 2018-ci il tarixinə kimi hər gün (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək Təhsil İnstitutunun I korpusunda (Bakı şəhəri, Zərifə Əliyeva küçəsi, 96) Elmi-pedaqoji kadr hazırlığı şöbəsində (II mərtəbə, otaq 17) həyata keçirilir.

İxtisasların cədvəli

Qəbul qaydaları