15.11.2017

"İstedad sorağında" layihəsi çərçivəsində təlimlər davam edir

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedad sorağında” layihəsi çərçivəsində təlimlər davam edir.

Mərkəz olaraq seçilmiş Qax şəhər 4 nömrəli tam orta məktəbdə davam edən təlimlər şagirdlərdə məntiqi təfəkkürün inkişafı, İKT bacarıqları, distant olaraq xarici dil bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparılır.

“İstedad sorağında” layihəsinin əsas məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin kimya və biologiya fənləri üzrə fənn olimpiadalarında və digər respublika müsabiqələrində uğurlu iştirakçılarının say etibarilə çoxaldılmasına nail olmaq, istedadı olan uşaqların üzə çıxarılmasına və onlarda vacib kompetensiyaların inkişafına  təkan verməkdən ibarətdir.

Qax rayonu İlisu kənd tam orta məktəbinin müəllimi Günay Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.