15.04.2021

Biliyin lənəti

Yəqin bilirsiniz, bəzi müəllimləri çox bəyənir, bəzilərinin adı gəldikdə isə sadəcə “eh” reaksiyası veririk. Eşitidiyimiz ən məşhur rəylərdən biri də “Vallah, müəllim çox savadlıdır, amma bildiklərini yaxşı anlada bilmir”dir. Bax elə bu ünsür verilən izahın, məlumatın qalıcılığına mane olan ən böyük səbəbdir. Buna “biliyin lənəti” deyilir.

Hansısa bir mövzuda biliyiniz artdıqca onunla bağlı məlumatsız olduğunuz günlərinizi unudursunuz. Buna görə də sanki insanlar da sizin qədər məlumatlıdırlar kimi düşünüb, ona uyğun izahlar verirsiniz və bu zaman verilən məlumatlar heç də qalıcı olmur. Biliyin lənəti digər insanların bilmədiyi şeyləri bildiyinizdə və buna sahib olmağın necə bir şey olduğunu unutduğunuzda başlayır. Bu, digər insanlarla empatiya qurmağınızı və mövzunu bilməyənlər üçün daha asan izahlar verməyinizi çətinləşdirir.

Ağlınızdakılar deyil, danışdıqlarınız önəmlidir

Biliyin lənətini göstərən bir təcrübə 1990-cı ildə Stanford Universitetində aparılıb. Təcrübə zamanı iştirakçılar çox sadə bir oyun oynayırlar. Onlar iki qrupa bölünür. Birinci qrup “ritm tutanlar”, ikici qrup isə “dinləyicilər” adlandırılır. Ritm tutanlara çox məşhur, hamının bildiyi 120 mahnıdan ibarət bir siyahı (Siyahıda mahnının adları qeyd olunur) verilir. Ritm tutanların hər biri bu siyahıdan bir mahnı seçməli və əlləri ilə stola takkıldadaraq onu çalmalıdırlar. Dinləyicilər isə çalınan mahnının hansı mahnı olduğunu təsvir etməli idilər. Oyundakı dinləyicilərin işi isə həqiqətən çətindir. Təcrübə zamanı 120 mahnı çalınır, ancaq onlardan yalnız çox az qismi (təxminən 2,5 faizi) dinləyicilər tərəfindən düzgün təxmin edilir.

Təcrübənin maraqlı tərəfi budur: Mahnı siyahısı veriləndən sonra ritm tutanlardan dinləyicilərin bu mahnılardan neçəsini düzgün təxmin edə biləcəyini soruşurlar. Verilən cavab isə 50 faizdir, yəni ikidə biri. Halbuki həqiqi rəqəm qırxda bir ehtimaldır. Sizcə, bu fərqin səbəbi nədir?

Çünki ritm tutanlar mahnını çalarkən onu həm də “ürəyində oxuyurlar”. İstəyirsiniz, siz də yoxlayın. Amma təəssüf ki, dinləyənlər sizin ürəyinizdə oxuduğunuz o mahnını yox, sadəcə çaldığınızı eşidirlər. Sizin ritmləriniz onlara Morze əlifbası kimi anlaşılmaz və çətin gələ bilər. Ritm tutanlara görə bu mahnıları təxmin edə bilməmək ağılsızlıqdır. Amma işin həqiqi üzü belə deyil. Onlara əvvəlcədən məlumat (mahnı siyahısı) verildiyi üçün onlar bu məlumatlardan xəbərsiz olmağın nə demək olduğunu bilmirlər. Onlara elə gəlir ki, ritm tutanda dinləyicilərin də başında eyni melodiya çalınır.

Rəhbərlik ritm tutan, işçilər isə dinləyici

Buyurun, bu da biliyin lənəti nümunəsi. Amma, təəssüf ki, dinləyici-ritm tutan hekayəsi dünyanın hər yerində hər an, hər saniyə təkrarlanmaqdadır: müdirlər ritm tutan, işçilər dinləyici; müəllimlər ritm tutan, şagirdlər dinləyici; siyasətçilər ritm tutan, vətəndaşlar dinləyici... və s. Biliyin lənəti və bunun nəticəsində yaranan qalıcı olmayan məlumatlar, izahlar həqiqətən ciddi problemdir. Ona görə ciddidir ki, bu, cəmiyyətdə geniş kütləni maraqlandırır və təsir edir.

Bununla mübarizə aparmağın isə iki yolu var: birincisi heç bir şey öyrənməmək, ikincisi isə fikirlərinizi daha asan, başadüşülən izah etməyin yollarını düşünmək.

Mənbə:

  1. https://www.lifehack.org/articles/communication/are-you-suffering-from-the-curse-knowledge.html

  2. https://dunyalilar.org/bilginin-laneti.html/

Tərcümə: TİPİM-nin əməkdaşı Günel Qasımova