18.05.2022

Fizika fənninin tədrisində diaqnostik qiymətləndirmənin əhəmiyyəti

                                       

Fizika fənninin tədrisində diaqnostik qiymətləndirmənin əhəmiyyəti çox böyükdür. Əvvəlcə diaqnostik qiymətləndirmənin mahiyyətini izah edək.

Diaqnostik qiymətləndirmə müəllimə şagirdin fənnin ümumi məzmunu, bölmə və ya mövzu üzrə hansı bilik və bacarığa malik olduğunu aşkar etməyə, növbəti təlim fəaliyyətini necə təşkil etməyə kömək edən qiymətləndirmə növüdür. Belə qiymətləndirmə növü şagirdin bilik səviyyəsini ölçmək və təlim nəticələrində olan boşluqları aşkar etmək məqsədi daşıyır. Diaqnostik qiymətləndirməni şagirdlərin biliyini yoxlamaq üçün sürətli bir üsul kimi də şərh etmək olar.

Diaqnostik qiymətləndirmə dərsin əvvəlində aparılaraq şagirdin bilik və bacarıqlarını müəyyən etməyə imkan verir. Bu məlumatlar müəllimə növbəti dərslərdə nələrə diqqət yetirməyin lazım olduğunu müəyyənləşdirmək üçün kömək edir.

Diaqnostik qiymətləndirmə, əsasən:

  • yeni dərs ilinin və ya yarımilin əvvəlində;
  • dərslikdə yeni bölmənin əvvəlində;
  • yeni mövzuya başlayarkən;
  • bir məktəbdən başqa məktəbə, bir sinifdən başqa sinfə keçərkən aparılır.

Diaqnostik qiymətləndirmə şagirdin ilkin bilik səviyyəsinin qiymətləndirilməsidir, onun üsul və vasitələri fənn müəllimi tərəfindən müəyyənləşdirilir və aparılır. Diaqnostik qiymətləndirmə, əsasən, standartlar üzrə əldə olunan bilik və bacarıqlar əsasında hazırlanır.

Diaqnostik qiymətləndirmə aşağıdakı tələblərə cavab verməlidir:

  1. Diaqnostik qiymətləndirmə yeni təlim kursunun əvvəlində aparılır.
  2. Şagirdin cari bilik və bacarıqlarını müəyyən edir.
  3. Şagirdin təlim nəticəsindəki boşluğu müəyyən edir.
  4. İnkişafı ölçmək üçün şagirdin əvvəl bildikləri ilə sonra öyrəndiklərini müqayisə etmək üçün baza yaradır.

Diaqnostik qiymətləndirmə aşağıdakı üsullarla aparıla bilər:

  • müsahibə;
  • müşahidə;
  • söhbət;
  • tapşırıqlar;
  • valideynlərlə və digər fənn müəllimləri ilə əməkdaşlıq.

Diaqnostik qiymətləndirmə “Nəyi qiymətləndirirəm?”, “Hansı bilik və bacarıqları dəyərləndirmək istəyirəm?” suallarına cavab axtarır. Diaqnostik qiymətləndirmə üçün suallar və ya vasitələr hazırlayarkən təlim prosesinin sonunda şagirdlərin yiyələnməsini istədiyiniz əsas anlayışlar və bacarıqlara diqqət etmək lazımdır.

Diaqnostik qiymətləndirmə iki formada keçirilir: davamlı qısamüddətli.

Davamlı diaqnostik qiymətləndirmə şagirdlərin bilik və bacarıqlarının mövcud vəziyyətini öyrənir və əsasən dərs ilinin əvvəlində aparılmaqla  bir neçə dərsin müəyyən hissəsində həyata keçirilir.

‒  Qısamüddətli diaqnostik qiymətləndirmə, əsasən, tədris vahidlərinin əvvəlində bir dərsin müəyyən hissəsində aparılır və şagirdin fənn üzrə zəruri bilik və bacarıqlarını müəyyənləşdirir.

Diaqnostik qiymətləndirmənin aparılma yolları

Sorğu və anketlər. Diaqnostik qiymətləndirmənin ən geniş yayılmış üsullarından biridir. Bunu əyani və ya onlayn sorğu (məsələn, Forms) ilə apara bilərsiniz. Sorğunu Forms ilə apardığınız zaman cavabları sürətli və problemsiz şəkildə toplaya bilərsiniz.

Yoxlama siyahıları. Yoxlama siyahısı xüsusi meyarları əks etdirən sadə bir vasitə olub, müxtəlif meyarlara əsasən şagirdin mövzu ilə bağlı bilik səviyyəsini ölçmək üçün istifadə olunur.

Hazırlıqsız viktorina. Bu viktorina ekspromt (hazırlıqsız) şəkildə keçirilir və şagirdin biliyinin ümumi qiymətləndirilməsidir. Təxminən 10-a yaxın müxtəlif formatlı suallar tərtib etməklə bu viktorinanı təşkil edə bilərsiniz.

Giriş vərəqləri. Şagirdlər haqqında daha sürətli məlumat toplamaq üçün giriş vərəqlərindən istifadə edə bilərsiniz. Giriş vərəqləri dərsin əvvəlində doldurulur. Şagirdlər əvvəlki mövzunu necə başa düşdüklərini yazırlar.

Diaqnostik testlər. Diaqnostik testlərdən, əsasən, ilin və ya yarımilin əvvəlində aparılan diaqnostik qiymətləndirmədə istifadə etmək məqsədəuyğundur. Diaqnostik testdə sualların strukturu, əsasən, belə olur: qapalı suallar, doğru-yanlış, boşluqları doldurulan suallar, uyğunluğu müəyyən etmək və s.

Fizika fənninin tədrisində diaqnostik qiymətləndirmə aparılan zaman Fizika fənn kurikulumunun tələblərinə cavab verən üsul və vasitələrdən istifadə olunmalıdır. Qiymətləndirmə vasitələrinin köməyilə müəyyənləşdirilmiş bilik və bacarıqlar təlim prosesini diqqətdə saxlamaqda, şagirdlərin inkişaf dinamikasını izləməkdə böyük əhəmiyyətə malikdir.

Fizika fənninin tədrisinə VI sinifdən başlanılır. Ona görə də VI sinifdə diaqnostik qiymətləndirmədə fənlərarası şaquli inteqrasiya nəzərə alınır. Bu zaman dərs ilinin əvvəlində şagirdlərin aşağı siniflərdən Həyat bilgisi, Riyaziyyat və s. fənlərdən malik olduqları biliklər üzrə diaqnostik qiymətləndirməni standartlara əsasən aparmaq olar: Məsələn, VI sinif Fizika fənn kurikulumunun “Fiziki hadisələr, qanunauyğunluqlar və qanunlar” məzmun xəttinin 1.1. Fiziki hadisələrə dair bilik və bacarıqlar nümayiş etdirir standartı üzrə şagirdlərin hansı biliklərə malik olduğunu müəyyən etmək üçün V sinif Həyat bilgisi fənn kurikulumunun “Təbiət və biz” məzmun xəttinin 1.1. Varlıq, təbiət və hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair bilik və bacarıqlar nümayiş etdirir standartı üzrə diaqnostik qiymətləndirmə aparmaq olar. VI sinif Fizika fənn kurikulumunun “Eksperimental fizika və müasir həyat” məzmun xətti üzrə malik olduğu bilikləri Texnologiya fənn kurikulumunun “Texnika elementləri” məzmun xəttinin 2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir standartı üzrə, riyazi biliklərini Riyaziyyat fənn kurikulumunun “Ölçmə” məzmun xəttinin  4.1. Ölçü vahidlərinin mənasını başa düşür, müvafiq ölçü alətlərindən istifadə edir 4.2. Ölçmə və hesablama vasitələrindən istifadə edərək hesablamalar aparır standartları üzrə müəyyən etmək olar.

Yuxarı siniflərdə isə artıq şagirdlər aşağı siniflərdən fizika ilə bağlı biliklərə malik olduqlarından diaqnostik qiymətləndirmədə fənlərarası və fəndaxili inteqrasiya nəzərə alınır.

Diaqnostik qiymətləndirmə aparılan zaman müəllimlərin diqqət etməli olduqları məqamlardan biri də odur ki, təlimin məzmunu və fəaliyyəti şagirdlərin yaş xüsusiyyətinə və sinif səviyyəsinə uyğun olsun.

Fizika fənninin tədrisində şagird nailiyyətlərinin diaqnostik qiymətləndirməsi zamanı aşağıdakı tələblərin ödənilməsinə diqqət etmək lazımdır:

  •  reallaşması nəzərdə tutulan məzmun standartlarına əsasən bilik və bacarıqları ölçməyə imkan verən qiymətləndirmə vasitələri seçilməli;
  • məzmun aydın və yaş səviyyəsinə uyğun olmalı, riyazi hesablamanın çətinlik səviyyəsi, vahidlər sisteminin düzgünlüyü nəzərə alınmalı;
  • qiymətləndirmə vasitəsinin hazırlanmasında sistemlilik, ardıcıllıq gözlənilməli;
  • tapşırıqlardakı şəkil, qrafik və sxemlərin aydınlığı gözlənilməli;
  • fizika fənninin praktikada tətbiqinə aid nümunələrin verilməsi və s. nəzərə alınmalı;
  • sual, çalışma və testlərin məzmunu fizika elminin cəmiyyətin həyatındakı rolu ilə əlaqələndirilməli;
  • anlayışların, terminlərin elmi cəhətdən düzgün ifadə olunması nəzarətdə saxlanılmalıdır.

Diaqnostik qiymətləndirmənin əhəmiyyəti

  • Diaqnostik qiymətləndirmə təlimin təşkilinə dair təlim strategiyalarını, forma və üsullarını müəyyənləşdirir.
  • Diaqnostik qiymətləndirmə şagirdlərin təlim nəticələrini yaxşılaşdırmaq üçün  dərsin səmərəli hazırlanmasına kömək edir.
  • Şagirdlərin bilik və bacarıqlarını müəyyənləşdirməklə tədris yükünü azaldır və təlim prosesini daha səmərəli edir.
  • Diaqnostik qiymətləndirmə müəllimlərə təlim prosesi üçün səmərəli təlim planını hazırlamağa kömək edir.    

Diaqnostik qiymətləndirmənin nəticələri barədə müəllimin qeydi şagirdlərin fərdi qovluğuna qoyulur.           

 

İstifadə olunan mənbələr:

  1. Əlişah Gərayev “Şagird biliyinin diaqnostik qiymətləndirilməsi” file:///C:/Users/User/Downloads/Alishah_Garayev.pdf
  2. https://www.formpl.us/blog/diagnostic-assessment
  3. Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması barədə təlimat   https://www.miq.edu.az/qanun/8.pdf
  4. Types of Assessments information  

           

Hazırladı: Təranə Həmidova

ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzinin əməkdaşı