04.02.2022

Mövcud qiymətləndirmə sənədi təkmilləşdirilməlidirmi?

Təhsilin keyfiyyətinə təsir edən amillərdən biri olan qiymətləndirmə şagirdlərin öyrənmə nailiyyətlərinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ümumi təhsil müəssisələrində şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 13 yanvar tarixli 9 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi Təhsildə Qiymətləndirmə Konsepsiyası” və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 2018-ci il 28 dekabr tarixli 8/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası” əsasında həyata keçirilir.

 

Rəqabətə əsaslanan əmək bazarının tələblərinə uyğun insan kapitalının inkişafına ehtiyacın yaranması və dövrün tələbinə əsasən təhsildə yeni yanaşmaların formalaşması öz növbəsində qiymətləndirmə sistemində də yeniliklərin həyata keçirilməsini labüd edir. Mövcud qiymətləndirmə sənədinin təkmilləşdirilməsinə münasibəti müəyyən etmək məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən onlayn ictimai sorğu keçirilmişdir.Ümumilikdə sorğuda 536 nəfər iştirak etmişdir. Sorğunun nəticələri təqdim edilərkən beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PIRLS, TIMSS, PISA,TALIS və s.) iştirak edən ayrı-ayrı təhsil sistemlərinin qiymətləndirmə siyasətlərində və bununla bağlı aparılan müxtəlif tədqiqatlarda qeyd olunan məsələlər də nəzərə çatdırılır.

 

İlkin olaraq, mövcud qiymətləndirmə sənədi ilə bağlı iştirakçıların fikirləri öyrənilib; sorğuda iştirak edənlərin 56%-i sənədi qismən effektiv hesab edir və bu səbəbdən təkmilləşdirilməyə ehtiyac olduğunu bildirir. Ümumi təhsilin məzmununun yenilənməsi qiymətləndirmə siyasətində də yeni yanaşmaların tətbiq olunmasını tələb edir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 sentyabr tarixli 361 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” mövcud qiymətləndirmə sənədinin təkmilləşdirilməsi ehtiyacını zəruriləşdirir.

 

Hazırda Azərbaycanın ümumi təhsil sistemində şagirdlərin yarımillik və illik qiymətləri summativ qiymətləndirmə nəticələri əsasında müəyyən olunur. Kiçik summativ qiymətləndirmə hər yarım ildə 3 dəfədən az, 6 dəfədən çox olmamaq şərtilə keçirilir. Bununla bağlı sorğu respondentlərinin 62%-i böyük (BSQ) və 47%-i kiçik summativ qiymətləndirmələrin (KSQ) azaldılmasının lehinədir (şəkil 1).

Elmi ədəbiyyata əsasən summativ qiymətləndirmələrin bir tədris ili boyunca keçirilmə tezliyi ilə bağlı vahid standart mövcud deyil. Bu, müəllimin məqsədindən və təlim nəticələrindən asılı olaraq hər tədris vahidinin, yarımillik və illiklərin sonunda ola bilər (Vero&Chukwuemeka, 2019). Formativ və summativ qiymətləndirməyə dair aparılan eyni tədqiqatda qeyd olunur ki, balanslı olduğu təqdirdə summativ qiymətləndirmə də diaqnostik və formativ qiymətləndirmə qədər əhəmiyyətlidir. Summativ qiymətləndirmələr şagirdlərin tədris vahidinin sonunda öyrəndiklərini ölçmək, şagirdlərin müvəffəqiyyət səviyyələrini müəyyən etmək, məktəbi bitirməsinə dair sertifikat əldə etmək və ya müəyyən peşələrə yiyələnmək üçün tələb olunan standartları ödədiklərini yoxlamaq vasitəsi kimi istifadə olunur (Nworgu, 2015) (şəkil 2).

 

 

Summativ qiymətləndirmə ilə müqayisədə formativ qiymətləndirmə tədris prosesi ərzində müəllimə şagirdin öyrənmə dinamikası ilə bağlı aydın məlumat verir. Bu məlumat sayəsində həm şagirdlər qoyulmuş standartlara hansı səviyyədə cavab verdiklərini öyrənirlər, həm də müəllimlər tədris zamanı yol verdikləri nöqsanları aydınlaşdırırlar. Diaqramdan da göründüyü kimi, sorğuda iştirak edənlərin 56%-i qiymətləndirmə məlumatlarının şagirdin öyrənməsi üçün faydalı olduğunu düşünür. Bu, PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı) beynəlxalq qiymətləndirmə tədqiqatlarının nəticələri ilə uyğunluq təşkil edir. Belə ki, PISA-nın 2018-ci il üzrə nəticələrinə görə, əlverişsiz şəraiti olan məktəblərdə təhsil alan 77% şagird qiymətləndirmə nəticələri əsasında tədrisini təkmilləşdirən məktəblərdə təhsil almaq üçün axın edir. Bu isə şagirddə qiymətləndirməyə münasibətin formalaşmasının göstəricisidir. Belə ki, bu fikir sorğu iştirakçılarının 76%-nin şagird qiymətləndirilərkən onun həmin qiymətləndirməyə münasibətinin öyrənilməsinə “Bəli” cavab verməsi ilə təsdiqlənir.

 

Bununla bağlı tədqiqatçılardan Lorraine Stefani müəllimlərə qiymətləndirmə növlərinə, məsələn, həmyaşıd və özünüqiymətləndirmə, şagirdin qiymətləndirməyə münasibəti, qrup işlərinin qiymətləndirilməsi və onlayn qiymətləndirmə kimi məsələləri dərindən öyrənməyi, buna kifayət qədər vaxt ayırmağı tövsiyə edir. Eyni zamanda, bu qiymətləndirmə üsulları demək olar ki, həmişə dərs zamanı şagirdlər tərəfindən irəli sürülür və şagirdlərin istəyi ilə bu üsulları təmin etmək öyrənmənin keyfiyyətini artırır (Stefani, 2004) (şəkil 3).

Özünüqiymətləndirmə bacarığını da özündə cəmləşdirən “Ömürboyu öyrənmə” prinsipini təbliğ edən bir sıra ölkələrin (Avstriya, Belçika, Fransa, Finlandiya, Almaniya, Macarıstan və s.) milli kurikulumlarında təməl səriştələrin (tənqidi düşüncə, yaradıcı yanaşma, problem həlletmə və s.) inkişafı ön plana çəkilir (Looney, 2009). Respondentlərin 92%-nə görə bacarıq yönümlü fəaliyyətlər qiymətləndirilməlidir. Bu, respondentlərin PISA və PIRLS (Oxu bacarıqlarının inkişafı üzrə beynəlxalq tədqiqat) beynəlxalq qiymətləndirmə tədqiqatlarının şagirdlərin bilikləri ilə yanaşı bacarıqlarının da ölçülməsi fikrinə uyğundur (PISA, 2018).

 

Sorğu nəticələrinin təhlili bir daha onu sübut edir ki, öyrənmə gözlə görünməyən yerdə, yəni idraki proses olaraq şagirdlərin beynində baş verir və müvafiq olaraq, öyrənmə performansla qiymətləndirilməlidir. Şagird performansının qiymətləndirilməsi təhsildə fənlər üzrə məzmunun və müəllimin metodiki yanaşmasının təkmilləşdirilməsi kimi bir çox vacib məqsədlərə xidmət edə biləcək məlumatları təmin edir.

 

Gələcək sorğularda qiymətləndirmə haqqında daha geniş məsələlərə toxunaraq ayrı-ayrı hədəf qrupların, təhsil müəssisələrinin rəhbərlərinin, təhsilverənlərin, valideynlərin və yuxarı sinif şagirdlərinin öyrənmə üçün qiymətləndirmə (assessment for learning), öyrənmə kimi qiymətləndirmə (assessment as learning), öyrənmənin qiymətləndirilməsinə (assessment of learning) dair münasibətləri öyrəniləcək.

 

 

İlahə Tağıyeva,

ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin müdiri

 

Şahanə Məmmədli,

ARTİ-nin Şagird nailiyyətlərinin qiymətləndirilməsi şöbəsinin əməkdaşı