01.11.2021

"SABAH.lab" Akselerasiya Mərkəzinin Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı keçirilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ-nin nəzdində “SABAH.lab” Akselerasiya Mərkəzi fəaliyyətə başlayıb. Mərkəzin fəaliyyəti iqtisadiyyatın müxtəlif sahələrində innovativ şirkətlərin yaradılması və inkişafına yönəlmiş startapların dəstəklənməsini əhatə edir.

“SABAH.lab” Akselerasiya Mərkəzinin Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbinin tələbələri üçün təqdimatı keçirilib. 

Təqdimatlarda spiker qismində “IE Business School”un “Startapınızı genişləndirmək” kafedrasının dosenti Joe Haslam, sahibkar və Avropada bir neçə uğurlu startapın təsisçisi Nikita Pajanok və “SABAH.lab” Akselerasiya Mərkəzinin baş icraçı direktoru, sahibkar və Azərbaycanda bir sıra uğurlu startapın təsisçisi Rəhim Bayramlı çıxış ediblər.

Görüşlər zamanı Rəhim Bayramlı regionda startap ekosisteminin mövcud vəziyyəti haqqında məlumat verib və “SABAH.lab” Akselerasiya Mərkəzini təqdim edib. O vurğulayıb ki, ölkədə innovasiya potensialını artırmaq üçün görüşdə iştirak edən gənclər proqrama müraciət edərək sahibkarlıq istiqamətində ilk addımları atmağa başlaya bilərlər.

Joe Haslam “Startapınızı genişləndirmək” kursu və 2000-ci illərin əvvəllərində yaratdığı bir neçə uğurlu startap təcrübəsi haqqında danışıb. O, təkbaşına uğur qazanmağın çətin olduğunu və ekosistemin bir parçası olmağın daha çox şans yaratdığını vurğulayıb.

Nikita Pajanok akselerasiya mərkəzlərinin köməyi ilə ilk şirkətlərini qurmaq təcrübəsini və aldığı dəstəyin ilkin mərhələdə necə vacib rol oynadığını bildirib.

Görüşlər panel müzakirələri ilə davam edib və burada tələbələr spikerlərə maraqlı suallar ünvanlayıblar. Şirkətlərin necə qurulacağı, inkubatorun hansı dəstəyi göstərəcəyi və s. kimi suallar cavablandırılıb.

Nəzərinizə çatdıraq ki, “SABAH.lab” Akselerasiya Mərkəzi digər ali təhsil müəssisələrində təqdimatlarını davam etdirəcək.