28.10.2021

14-cü Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına hazırlıq dərsləri davam edir

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası 2021-ci ilin noyabr ayında Kolumbiyanın paytaxtı Boqota şəhərində keçiriləcək 14-cü Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında ölkəmizi təmsil edəcək iştirakçıların hazırlanması məqsədi ilə hazırlıq dərsləri keçirir. Hazırlıq dərslərinin təşkil edilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, Azərbaycan məktəblilərinin iştirak etdikləri beynəlxalq fənn olimpiadalarında nailiyyətlərin artırılması, ölkədə olimpiada hərəkatının genişlənməsinə töhfə verməkdir. Məktəblilər öz məktəblərində dərslərinə davam etməklə yanaşı, həftədə bir neçə dəfə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Olimpiadaya hazırlıq dərslərində şagirdlərin nəzəri biliklərindən əlavə, praktik bilik və bacarıqları da artırılır.

Hazırlıq dərsləri BDU, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, ARTİ-nin birgə təşkilatçılığı və Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin maliyyə dəstəyi ilə keçirilir. Dərslərdə ölkəmizi bu yarışda təmsil edəcək iki mərhələdən ibarət müsabiqədə seçilmiş 9-11-ci sinif şagirdləri iştirak edir.

Qeyd edək ki, ölkəmiz bu olimpiadaya 2007-ci ildən sonra ilk dəfə ötən tədris ilində qatılıb və iştirakçılar həvəsləndirici diplom və sertifikatlar ilə təltif olunublar. 25 iyul 2021-ci il tarixində Beynəlxalq Astronomiya və Astrofizika olimpiadasına seçmə imtahanının birinci turu virtual formada keçirilib. Respublika üzrə keçirilən seçim turu fəlsəfə, məntiq, astronomiya, tibb və s. elmlərə dərindən bələd olmuş dünya şöhrətli şairimiz Nizami Gəncəvinin 880 illiyinə həsr edilib.