15.10.2021

Azərbaycan Dövlət Pedaqoji Universitetində STEAM Mərkəzinin açılışı olub

14 oktyabr tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) STEAM Mərkəzinin açılışı olub. Açılış tədbirində ali təhsil müəssisəsinin və ARTİ-nin rəhbərliyi, müəllimlər, tələbələr iştirak ediblər.

Rəmzi açılış lentinin kəsilməsindən sonra ADPU-nun STEAM Mərkəzi və burada Fizika müəllimliyi ixtisasının tələbələrinin işləri ilə tanışlıq keçirilib.

Çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bu mərkəzin açılışını ali təhsil ocağında təhsilin məzmun və keyfiyyətcə yaxşılaşdırılması yolunda əlamətdar hadisə kimi qiymətləndirib. Qeyd olunub ki, ADPU olaraq müəllim hazırlığı sahəsində beynəlxalq trendlər daim izlənilir və innovativ yanaşmaların, tədrisin keyfiyyət təminatının daha da gücləndirilməsi istiqamətində ardıcıl iş aparılır.

ARTİ-nin direktoru Rüfət Əzizov çıxış edərək öyrənmədə müasir yanaşmaların tətbiqinin vacibliyini vurğulayıb. O bildirib ki, ARTİ-nin da dəstəyi ilə məhz ADPU-da belə bir mərkəzin yaradılması xüsusən texniki və təbiət fənləri üzrə yeni nəsil müəllim hazırlığı işinin keyfiyyət və praktikliyinə yönəlmiş məqsədyönlü tədbirdir.

ARTİ-nin dəstəyi ilə ADPU-da STEAM laboratoriyası qurulub və laboratoriya geniş həcmli STEAM avadanlıqları ilə təchiz edilib. Artıq tədris proqramında STEAM fənni mövcuddur. Bu fənni tədris edən bir qrup müəllim ARTİ-nin STEAM-a dair təlimlərində iştirak edib və sertifikatlarla təltif olunublar.

Xatırladaq ki, “STEAM Azerbaijan” layihəsi Təhsil Nazirliyi tərəfindən başladılıb və ARTİ tərəfindən icra olunur.