13.10.2021

Naqif Nəbiyevin xatirəsinə həsr olunmuş olimpiadanın final turu keçirilib

12 oktyabr 2021-ci il tarixində ARTİ tərəfindən Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində  8-9-cu sinif şagirdləri arasında fizika fənninə olan marağın artırılması, fizika elmi üzrə akademik bilikləri yüksək şagirdlərin həvəsləndirilməsi məqsədilə görkəmli alim, uzun müddət fizika fənni üzrə beynəlxalq olimpiadalarda Azərbaycan komandalarının rəhbəri olmuş Naqif Nəbiyevin xatirəsinə həsr edilmiş  olimpiadanın final mərhələsi təşkil edilib.

Müsabiqənin birinci mərhələsi 5 oktyabr 2021-ci il tarixində virtual formada qapalı tipli test sualları əsasında təşkil olunub. Ən yaxşı nəticə göstərən 50 nəfər şagird final mərhələsinə dəvət edilib. Finalda şagirdlərə həll etmələri üçün 5 açıq tipli sual və 2 saat yarım vaxt verilib. Şagirdlərin yazı işlərinin yoxlanılması prosesindən sonra ən yaxşı nəticə göstərən şagirdlərə 3 qızıl, 6 gümüş, 9 bürünc medal və sertifikatlar təqdim ediləcək. Eləcə də, onlar beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət olunacaqlar.

Təşkilat komitəsi və münsiflər heyəti bütün iştirakçılara uğurlar arzulayır!