27.09.2021

"İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi" layihəsi davam edir

ARTİ-nin Təhsil Nazirliyi və BMT-nin Uşaq Fondu (UNICEF) ilə birgə həyata keçirdiyi “İnklüziv sinif təşkil edilən ümumi təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi” layihəsi çərçivəsində keçirilən tədbirlər davam edir.

Layihə çərçivəsində həyata keçirilən növbəti tədbir “İnklüziya mədəniyyətinin formalaşdırılması”na həsr edilib. Belə ki, Bakı, Sumqayıt, Gəncə, Şirvan şəhərlərində və Şəki, Quba və Qazax rayonlarında inklüziv siniflər təşkil olunan məktəblərdə şagirdlər və onların valideynləri ilə ayrı-ayrılıqda görüşlər keçirilib. Ümumilikdə 151 şagirdin və 145 valideynin iştirak etdiyi görüşlər zamanı şagirdlərlə müxtəlifliyə tolerantlıq mövzusuna toxunulub və interaktiv məşğələlər təşkil edilib. Valideynlərlə isə inklüzivlik, inklüziv təhsilin əhəmiyyəti, hüquqi bazası və dəyərləri, əlilliyin tibbi və sosial modeli, həmçinin əlilliklə bağlı düzgün terminologiya və valideynlərin inklüziv təhsildə rolu kimi mövzular müzakirə olunub.

İnklüziv siniflərdə tədrisin keyfiyyətinin təmin edilməsi məqsədilə layihə çərçivəsində mentorluq xidmətinin göstərilməsi də nəzərdə tutulub.