20.09.2021

Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkilinə dair sorğu keçirilib

Ali və orta ixtisas təhsili müəssisələrində tədrisin məsafədən təşkili vəziyyətini öyrənmək üçün Təhsil Nazirliyinin dəstəyi ilə ARTİ tərəfindən cari ilin aprel-iyun aylarında Google Forms vasitəsilə ali və orta ixtisas təhsili müəssisələrində çalışan 2862 nəfər professor-müəllim heyəti ilə onlayn sorğu keçirilib. Sorğunun məqsədi müəllimlərin məsafədən təhsillə bağlı peşəkarlıq səviyyəsinin araşdırılması və müvafiq tövsiyələrin verilməsidir.

2020-2021-ci tədris ilinin mart ayından etibarən COVID-19 virusuna yoluxmanın qarşısını almaq məqsədilə ölkəmizdə digər sahələrdə olduğu kimi təhsil sahəsində də fiziki təmasın minimuma endirilməsi üçün bütün təhsil müəssisələrində tədris prosesi məsafədən təşkil olunub.

Pandemiya fonunda “Microsoft Teams” platforması Azərbaycan təhsil sisteminə inteqrasiya olunaraq bütün təhsil müəssisələrində təşkilati işlərin və tədris prosesinin həyata keçirilməsi üçün əsas texnoloji vasitə kimi istifadə edilib. Təhsilalanların böyük əksəriyyətinin dövlət dilində təhsil aldığını nəzərə alaraq platformanın tətbiq və xidmətlərinin Azərbaycan dilində əlçatan olması üçün Təhsil Nazirliyinin sifarişi əsasında Microsoft korporasiyası tərəfindən "Microsoft Teams” platforması Azərbaycan dilinə tərcümə olunub. Ötən ilin noyabr ayından təhsil işçiləri və təhsilalanlar "Microsoft Teams” platformasının imkanlarından Azərbaycan dilində istifadə edirlər. Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq orta ixtisas təhsili müəssisələrində “Microsoft Teams” platformasından, eyni zamanda müəssisələrin daxili elektron idarəetmə sistemi hesabına “ZOOM”, “WhatsApp” və digər proqramlardan istifadə etməklə dərslər keçilib.

ARTİ tərəfindən sözügedən sorğunun analiz prosesi davam edir. Analiz prosesi bitdikdən sonra nəticələr ictimaiyyətə açıqlanacaq.