17.09.2021

Masallıda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 17-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Masallı, Cəlilabad, Yardımlı, Astara, Lerik rayon və Lənkəran şəhər təhsil işçilərinin sentyabr konfransı keçirilib. 

Konfransda ARTİ-nin direktoru Rüfət Əzizov, direktor müavini Ülkər Babayeva, Masallı rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, sözügedən bölgələrin təhsil şöbələrinin müdirləri, ümumi təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.     

Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Konfransı giriş nitqi ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov açıb. 

Daha sonra ARTİ-nin direktoru Rüfət Əzizov konfransda iştirak edən bölgələr üzrə 2020-2021-ci tədris ilinə dair hesabat nitqi ilə çıxış edib, sonda təhsil işçilərinə uğurlar arzulayıb.

Tədbir Vətən müharibəsi iştirakçısı olan Masallı şəhər 6 nömrəli tam orta məktəbin gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbəri Cəmaləddin Məmmədov və Sığıncaq kənd tam orta məktəbinin gənc müəllimi Elmira Şirinovanın çıxışları ilə davam edib. 

Konfransda ARTİ-nin direktor müavini Ülkər Babayevanın “Təhsil sahəsində yeni innovasiyalar” barədə çıxışı dinlənilib.   

Sonda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, konfrans iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.