17.09.2021

Yardımlıda 4 nömrəli tam orta məktəbin yeni tədris binasının açılış mərasimi keçirilib

Sentyabrın 16-da Yardımlı rayonu V.M.Nəciyev adına şəhər 4 nömrəli tam orta məktəbi üçün tikilmiş yeni tədris binasının açılış mərasimi keçirilib. 

Açılış mərasimində  ARTİ-nin  direktoru  Rüfət Əzizov, Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Yardımlı rayon Təhsil Şöbəsinin müdiri Manaf Səmədzadə  iştirak edib. 

Bildirilib ki,  yeni inşa edilmiş məktəb 180 yerlikdir. 10 sinif otağından ibarət təhsil müəssisəsində 2 laboratoriya, 4 fənn kabineti, 72 yerlik akt zalı, idman zalı, idman meydançası, kitabxana, tibb otağı, bufet fəaliyyət göstərəcək. Məktəb müasir istilik və işıqlandırma sistemi ilə təchiz edilib, həyətində müasir  qazanxana sistemi quraşdırılıb. Cari tədris ilində məktəbdə 160 şagirdin təhsil alacağı planlaşdırılıb. Məktəbdə 20 pedaqoji, 13  texniki işçi çalışır.

Yardımlı rayonunda 46 tam orta, 18 ümumi orta, 16 ibtidai məktəb olmaqla 80 təhsil müəssisəsi, 2 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir. 

Açılış mərasimindən sonra qonaqlar məktəbdə  yaradılmış  şəraitlə yaxından  tanış olublar.