08.09.2021

"Gələcək üçün bacarıqlar" layihəsi çərçivəsində "Mentorun 48 saatı" adlı "Bootcamp" keçirilib

7 sentyabr 2021-ci il tarixində Şamaxı şəhərində “Mentorun 48 saatı” adlı “Bootcamp” tədbirinə start verilib. Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin növbəti komponenti olan “Mentorluq üzrə ixtisaslaşma proqramı”na keçid məqsədilə reallaşdırılıb.

Öncə təhsil sahəsinə aid startapların nümayiş olunduğu sərgi təşkil olunub. Sonra tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Azərbaycan Respublikasının Təhsil nazirinin müavini Firudin Qurbanov, Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru Rüfət Əzizov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov,  Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov, Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov  iştirak ediblər.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda dünyada əsaslı qlobal dəyişikliklər baş verir və bu dəyişikliklər gələcək şəxsiyyətin kompetensiyalarını formalaşdırır. Bu baxımdan qlobal problemlərin həll edilməsi, onların aradan qaldırılması üçün cəmiyyət hansı tip insanın formalaşmasından daha çox asılıdır. Firudin Qurbanovun sözlərinə görə, müasir tələblərə cavab verən, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşması üçün lazım olan milli və bəşəri dəyərləri cəmiyyət mükəmməl təhsil vasitəsilə verə bilər. Bu baxımdan təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır.

Açılış mərasimdən sonra “İnnovasiyalar və təhsil: yeni inkişaf yolu” mövzusunda panel müzakirələr keçirilib. Panel müzakirələr Azərbaycan Respublikasının Təhsil İnstitututunun direktoru Rüfət Əzizovun moderatorluğu ilə baş tutub. Panel müzakirələr zamanı ali təhsildə innovativ ekosistemin yaradılması üçün önəmli olan əsas təşviqedici faktorlar haqqında fikir mübadiləsi aparılıb. Sözügedən faktorlar haqqında danışarkən əsas 3 komponent qeyd olunub. Bunlara innovasiyanın mənbəyi, innovasiya üçün zəruri olan mühit və innovasiyanın baş verməsi üçün lazım olan resurslar aiddir. Bu faktorlar müzakirə olunarkən insan kapitalı, maliyyə resursları, qanunvericilik, ölkənin coğrafi mövqeyi, eləcə də innovativ məhsullara olan ehtiyac və digər məqamların da əhəmiyyəti vurğulanıb.

Daha sonra ali təhsil müəssisələrində innovativ ekosistemin qurulması üçün “Texnologiya transferi ofisləri”nin yaradılması da müzakirə olunub. Həmin ofislərin əsas fəaliyyəti sənaye sahəsi ilə ali təhsil müəssisələri arasında əlaqələrin qurulması, ümumiyyətlə innovasiya üçün bazarda mövcud ehtiyacların nəzərə alınmasından ibarətdir. Adıçəkilən ofislərin müstəqil fəaliyyəti üçün ali təhsil müəssisəsi rəhbərliyi tərəfindən dəstək göstərilməsi, maliyyə resurslarının ayrılması, onların strukturunun formalaşdırılması kimi məsələlər haqqında fikirlər səsləndirilib. Sonda innovativ fəaliyyətlə tədqiqat arasında olan qanunauyğunluq müzakirə edilib. Panel iştirakçıları bildirib ki, ali təhsil müəssisələrində innovativ mühiti dəstəkləmək üçün tədqiqat işlərini də genişləndirmək və gücləndirmək lazımdır.

Tədbirin birinci günündə, həmçinin “Hər şey gələcək üçün!”, “Startapı necə qurmaq olar?”, “Liderlik bacarıqları” mövzusunda təlimlər təşkil olunub. Günün sonunda iştirakçılar üçün film saatı reallaşdırılıb.

Xatırladaq ki, 2021-ci ilin aprel ayından həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, təhsildə innovasiya fəaliyyətinin dəstəklənməsi, innovativ ideyalarını inkişaf etdirmək üçün təhsil prosesində tələbələrə dəstək göstərilməsi və tələbələrin ölkənin texnoloji inkişafında önəmli rol oynayan kəşf, ixtira sahəsinə yönləndirilməsidir. Layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə mentorluq proqramını və mentorların iştirakı ilə tələbələrin startap kimi yetişdirilməsi üzrə inkubasiya proqramlarını əhatə edən 2 komponentdən ibarətdir.