30.08.2021

Təhsildə Yeni Çağırışlar II Beynəlxalq Forumunun spikeri Andreas Şleyxer haqqında məlumat

Heidelberg Universitetinin fəxri professoru Andreas Şleyxer PISA (Programme for International Student Assessment) - Beynəlxalq Şagird Qiymətləndirmə Proqramının yaradıcısı və direktorudur. Cənab Şleyxerin yaradıcısı olduğu PISA 80-dən çox ölkədə 15 yaşlı şagirdlər arasında oxu, riyaziyyat, təbiət elmləri və yaradıcı düşünmə üzrə bilik və bacarıqları qiymətləndirir və bu bilik və bacarıqları real həyatda istifadə etmək qabiliyyətini müəyyənləşdirir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatında (Organisation for Economic Co-operation and Development) Baş Katibin Təhsil Siyasəti üzrə xüsusi müşaviri vəzifəsində də çalışan cənab Şleyxer 20 ildən çoxdur ki, təhsildə keyfiyyəti və bərabərliyi artırmaq üçün dünyanın bir çox yerindən təhsil nazirləri ilə əməkdaşlıq edir. Həmçinin o, İƏİT-ə qoşulmazdan əvvəl Beynəlxalq Təhsil Nailiyyətləri Dərnəyinin (IEA) Analiz üzrə direktoru vəzifəsində çalışıb.

ABŞ-ın keçmiş Təhsil naziri Arne Duncan Şleyxer haqqında "Qlobal problemləri və həll yollarını tanıdığım hər kəsdən daha yaxşı bilir” deyib. İngiltərənin sabiq dövlət katibi Maykl Gove isə  Şleyxerin Alman olmasına və Fransada yaşamasına baxmayaraq onu "İngilis təhsilində ən əhəmiyyətli adam" adlandırıb. O, Almaniya Federativ Respublikasının ilk prezidenti adına verilən "Theodor Heuss" mükafatı da daxil olmaqla bir çox mükafatın sahibidir.

Xatırladaq ki, forumda iştirak ödənişsizdir. Arzu edən iştirakçılara beynəlxalq sertifikat veriləcək. Qeydiyyatdan keçmək üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3gBGZ55