23.08.2021

"Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşmasına aid təhsil proqramının müzakirəsi həyata keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) arasında 20 avqust 2021-ci ildə "SABAH magistratura" proqramı çərçivəsində yeni yaradılmış "Təlim və tədrisin təşkili və metodikası" ixtisaslaşmasına aid təhsil proqramının müzakirəsi həyata keçirilib.

Təhsil proqramının məzmun hazırlığı zamanı beynəlxalq standartlara baxılıb, ölkə ehtiyacları nəzərdən keçirilib. Gələcəkdə məzunların xaricdə doktorantura təhsili alacağı zaman onlara rahat olması üçün proqramdakı dərs adları beynəlxalq standartlara uyğunlaşdırılıb. İclasda müzakirə olunan məsələlərdən biri də statistik təhlil və tədqiqat metodlarına üstünlüyün verilməsi olub.

Görüşdə ARTİ-nin direktoru Rüfət Əzizov, Ömürboyu təhsil üzrə Milli Kvalifikasiyalar şöbəsinin müdiri Səbinə Babayeva, Strateji təhsil tədqiqatları və inkişaf layihələrinə rəhbərlik edən aparıcı elmi işçisi Könül Abaslı, ADPU-nun Strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri İbrahim Bayramov və Davamlı təhsil və innovasiyalar şöbəsinin müdiri Rəşad Sadıqov iştirak ediblər. Layihənin eksperti olan Azər Abizadə də görüşə onlayn olaraq qoşulub.