26.07.2021

"Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri" mövzusunda vebinar keçirilib

Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı Mühəndislik Universiteti və “2019-2023 Dövlət Proqramı”nın birgə təşkilatçılığı ilə ölkədə mühəndislik ixtisaslarının təbliği məqsədilə vebinarlar davam etdirilir. Növbəti vebinar “Azərbaycanda inşaat mühəndisliyinin perspektivləri: inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri” mövzusunda keçirilib.

Vebinarda spiker qismində “Mott MacDonald” şirkətində inşaat mühəndisi kimi çalışan Arzu İmanlı çıxış edib. Arzu İmanlı təqdimatında təhsil və karyera, inşaat mühəndisliyinin sahələri və tələbələrə məsləhətlər kimi mövzuları əhatə edib.

Spiker inşaat mühəndisliyi ixtisası üzrə aldığı təhsil haqqında məlumat verdikdən sonra karyera pillələri barədə çıxış edib. Peşəkar şirkətlərdə təcrübə keçən Arzu İmanlı inşaat mühəndisinin ixtisasın nəzəri hissəsini bilməsi ilə yanaşı, praktik tətbiqi prosesində iştirak etməsinin mühümlüyünü də vurğulayıb.

Təcrübə keçdikdən sonra professional karyera həyatına başlayan spiker hal-hazırda çalışdığı irimiqyaslı beynəlxalq layihələr və gündəlik iş rejimi haqqında ətraflı məlumat verib. Bundan əlavə, inşaat mühəndisliyi məzunları üçün karyera seçimləri barədə çıxış edən Arzu İmanlı sözügedən ixtisasın sahələri haqqında danışıb. Belə ki, struktur mühəndisliyi, ətraf-mühit mühəndisliyi, nəqliyyat mühəndisliyi, geotexnika mühəndisliyi və layihə/infrastruktur mühəndisliyi kimi geniş sahələr və bu sahələr üzrə mütəxəssislərin vəzifələri qeyd olunub. Mühəndislik sahəsində qadınların da uğurlu olacağı və müvəfəqiyyət əldə edəcəyini xüsusilə vurğulayan spiker mühəndisin yalnız masa arxasında deyil, sahədə də çalışa biləcəyini bildirib.

Nəzərinizə çatdıraq ki, vebinarın keçirilməsində əsas məqsəd İnşaat mühəndisliyi ixtisasının gələcək perspektivlərinin müzakirəsi, Azərbaycanda sözügedən ixtisasın inkişafı, habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının İnha Universiteti tərəfindən ali təhsilin bakalavriat səviyyəsində İnşaat mühəndisliyi ixtisası üzrə beynəlxalq ikili diplom proqramına qəbul barədə ətraflı məlumatın verilməsidir.