14.07.2021

Qafqaz Albaniyası irsi haqqında layihə start götürür

Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) işğaldan azad edilmiş ərazilərdə humanitar və tarixi, təhsil, mədəniyyət, dini məsələlər üzrə fəaliyyətlərə start verir. 

Adıçəkilən fəaliyyətlərin icrası işğaldan azad edilmiş ərazilərin mədəni sərvəti, o cümlədən Qafqaz Albaniyası irsi haqqında məlumatlandırmanın, təbliğat və təşviqat, maarifləndirmə məqsədilə tədbir və layihələrin həyata keçirilməsini nəzərdə tutur.

Fəaliyyətlər çərçivəsində ilk layihədə Qafqaz Albaniyası haqqında kitabların yazılması, eləcə də Azərbaycanın tarixi və mədəni, o cümlədən Qafqaz Albaniyası irsi haqqında maarifləndirici vebinarların təşkili planlaşdırılır.

Belə ki, layihənin planına əsasən cari ilin iyul-dekabr ayları ərzində ARTİ tərəfindən onlayn formatda bir sıra mövzular üzrə vebinarlar keçiriləcək. Vebinarlar Azərbaycan və rus dillərində olmaqla Azərbaycanın dövlətçilik tarixi və Qafqaz Albaniyası Şimali Azərbaycanda ilkin dövlət qurumu kimi, Qafqaz Albaniyasinın əhalisi və tarixi-siyasi coğrafiyası, Qafqaz Albaniyasının maddi mədəniyyəti və tarixi abidələri, Qafqaz Albaniyasından keçən ticarət yolları, Alban şəhərləri, Alban hökmdarları və onların Azərbaycanın dövlətçilik tarixində rolu, Albaniyada xristianlıq, Ərəb işğalı və Albaniyanın süqutu mövzularında keçiriləcək.

Vebinarların tarixi və saatı ilə bağlı ətraflı məlumat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.