12.07.2021

"Metodik işin təşkili formaları" adlı vebinar təşkil olunub

Azərbaycan Respublikasının Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzi (MDM) 12 iyul 2021-ci il tarixində metodik kabinet əməkdaşları üçün növbəti vebinarı təşkil edib.

Daha öncə metodik kabinet müdirləri və metodistlər üçün vebinarların mövzularının müəyyən olunması üçün metodik kabinet əməkdaşları arasında sorğu keçirilib. 429 nəfər metodik kabinet əməkdaşı arasında keçirilən sorğuya əsasən müəyyən olunan mövzulara uyğun olaraq “Metodik işin təşkili formaları” adlı vebinar keçirilib.

450-ə yaxın metodistin qoşulduğu vebinarda spiker qismində MDM-in Metodik xidmət şöbəsinin aparıcı mütəxəssisi Lətafət Cütcüzadə çıxış edib.

Vebinarda metodistlərə kollektiv və fərdi iş formaları üzrə mövzular haqqında geniş izahat verilib. Spiker təqdimatında məktəbdaxili metodbirləşmələr, pedaqoji seminarlar, elmi-praktik konfranslar, pedaqoji və metodik oxu, yaradıcı müəllim qrupları, təcrübə məktəbləri, oxucu və tamaşaçı konfransları, metodik sərgilər, bülletenlər, divar qəzetləri, məktəbdəki metodik guşələr və sinif otaqları, açıq dərslər, konsultasiya (fərdi məsləhətləşmə), mentorluq, təcrübə keçmə, şəxsi metodik (yaradıcı) mövzu üzərində iş, fərdi özünütəhsil kimi mövzular haqqında çıxış edib.

Sorğu formatında keçirilən vebinarda Ağdaş, Balakən, Qəbələ, Qax, Göyçay, Quba, Qusar, İsmayıllı, Xaçmaz, Xızı, Mingəçevir, Naftalan, Oğuz, Şabran, Şəki, Siyəzən, Ucar, Yevlax, Zaqatala, Zərdab, Gəncə, Ağstafa, Gədəbəy, Qazax, Goranboy, Göygöl, Şəmkir, Samux, Tovuz, Daşkəsən şəhər və rayonları üzrə metodik kabinet əməkdaşları iştirak ediblər.  

Qeyd edək ki, metodik kabinetlərin iş fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması məqsədilə MDM tərəfindən davamlı seminarların keçirilməsi nəzərdə tutulub.