09.07.2021

"Ehtiyat dərslik" layihəsinin davam etdirilməsinin zəruriliyi mövzusunda görüş keçirilib

9 iyul 2021-ci il tarixində Azərbaycan dili fənni üzrə “Ehtiyat dərslik” layihəsinin davam etdirilməsinin zəruriliyi mövzusunda görüş keçirilib.

Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) baş tutan görüşdə Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, şöbənin müdir müavini İlhamə Abdullayeva, Təhsil Nazirliyindən Günel Seyidova, ARTİ-nin direktor müavinləri Ənvər Abbasov və Nəcibə Mustafayeva, ARTİ-nin Elmi-pedaqoji tədqiqatlar mərkəzinin direktoru İlham Cavadov, ARTİ-nin Metodik Dəstək Mərkəzinin Əlaqələndirmə şöbəsinin müdiri Elxan Nəcəfov, ARTİ-nin Tədris resursları şöbəsinin müdiri Rasim Abdurazaqov, ARTİ-nin Təhsil standartları və proqramları şöbəsinin müdiri Mənsur Məhərrəmov, ARTİ-nin əməkdaşları Aysel Xanalıyeva və Gülnar Aşurova, layihə rəhbəri Zaur İsayev, dərslik müəllifləri Rafiq İsmayılov və Ülkər Nurullayeva iştirak ediblər.

Görüşdə çıxış edən Rasim Abdurazaqov bildirib ki, cari il üzrə “Ehtiyat dərslik” layihəsinin Azərbaycan dili dərsliyinin 4-cü sinif məzmununun hazırlığı başa çatıb. Növbəti il isə Azərbaycan dili (dövlət dili) dərsliyinin məzmun hazırlığının başa çatdırılması nəzərdə tutulub. Qeyd olunub ki, Azərbaycan dili və riyaziyyat dərslikləri pilot olaraq istifadə olunduğu müddətdə mütəmadi olaraq ictimai müzakirələr keçirilib. “Ehtiyat dərslik” layihəsinin orta və tam orta təhsil səviyyələrində davam etdirilməsinin vacibliyi vurğulanıb.

Daha sonra Rafiq İsmayılov Azərbaycan dili fənni üzrə məzmun standartlarının konseptual məqamları və təkmilləşdirmə yolları haqqında təqdimatla çıxış edib. O, standartların siniflər (səviyyələr) üzrə inkişaf xətti, oxu standartları, kommunikativ yanaşmada dil qaydaları və Azərbaycan dilinin dövlət dili kimi tədrisi mövzuları haqqında ətraflı məlumat verib.

Tədbir görüş iştirakçılarının mövzuya dair müzakirələri ilə davam edib.