02.07.2021

ARTİ-nin layihə rəhbəri İlahə Rəsulova 5-ci Beynəlxalq Təhsil Konfransında çıxış edib

ADA Universitetinin təşkilatçılığı ilə 1-2 iyul 2021-ci il tarixlərində “Təhsil 2020 və sonrası: Gələcəyə baxış” adlı 5-ci Beynəlxalq Təhsil Konfransı təşkil olunub.

Onlayn formatda təşkil olunan konfransın keçirilməsində əsas məqsəd təhsil tədqiqatlarında yeniliklərlə bağlı fikir mübadiləsi, təhsil işçiləri şəbəkəsinin genişləndirilməsi və beynəlxalq təhsil ekspertlərinin təcrübələrinin öyrənilməsidir.

Təhsil işçiləri və idarəçiləri, tədqiqatçılar, tələbələr və aidiyyəti sahə üzrə hədəf qrupu üçün nəzərdə tutulan konfransda açılış nitqi ilə Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev çıxış edib.

2 gün davam edən konfransda ADA Universitetinin tədris işləri üzrə prorektoru Vəfa Kazdal, New York Müəllimlər Kolleci, Kolumbiya Universiteti və Cenevrə Beynəlxalq və İnkişaf Araşdırmaları İnstitutunda müqayisə və beynəlxalq təhsil üzrə professor Gita Stayner-Hamsi, UNESCO GEM Komandasının baş tədqiqatçısı Anna Kristina D'Addio, Cənubi Afrika Respublikasının Pretoria Universitetindən Adevoe Segund Emmanuel, Avstraliyanın Charles Sturt Universitetinin fəxri professoru Stefen Kemmis, Rusiya Federasiyasının Milli Araşdırma Universitetindən Viktor Bolotov, Rusiya Federasiyasının A.A. Pinskiy adına Ümumi və əlavə təhsil mərkəzindən Tatyana Mertsalova, ADA Universitetinin baş müəllimi Dr. Ülviyyə Mikayılova, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, Azərbaycan Respublikasının Təhsil İnstitutunun layihə rəhbəri İlahə Rəsulova və digərləri çıxış ediblər.

2 iyul tarixində Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəhbəri  İlahə Rəsulova “Valideynin təhsilinin və yaşının evdəki öyrənmə mühitinə təsiri” mövzusunda çıxış edib.

İlahə Rəsulova konfrans iştirakçılarını salamladıqdan sonra PIRLS - Oxu bacarığının inkişafı üzrə beynəlxalq tədqiqatda əldə olunan nailiyyətlərdən danışıb. O, oxu bacarığına təsir edən faktorlar, tədris üçün məktəb resursları, məktəb abu-havası, müəllimin hazırlığı, sinif təlimatı və s. kimi məqamlara toxunub. Oxuyub-anlamanın mahiyyətini və onun mühümlüyünü vurğulayan İ.Rəsulova evdə öyrənmə mühitinin oxuyub-anlama bacarığına təsirləri barədə məlumat verib. O, daha sonra sözügedən mövzunun öyrənilməsi məqsədilə həyata keçirdiyi araşdırmanın nəticələrini açıqlayıb. 4-cü sinif şagirdlərinin valideynlərinin iştirak etdiyi tədqiqatın nəticələri göstərir ki, yaşından asılı olmayaraq valideynlərin əksəriyyətinin evində 3-10 ədəd kitab mövcuddur. 20-33 yaş arası valideynlər bildiriblər ki, onlar həftədə 3-5 dəfə qiraətlə məşğul olurlar. 34-61 yaş arası valideynlərin bir çoxu isə uşaqlarına hər gün və ya həftədə bir dəfə kitab oxuyurlar. Tədqiqatın nəticələrinə əsasən məlum olub ki, valideynlərin yaşının və təhsil səviyyəsinin evdə öyrənmə mühitinin indikatorları ilə heç bir əlaqəsi yoxdur.