10.06.2021

Məktəblilər arasında proqramlaşdırma üzrə "AZERCELL CUP" müsabiqəsi keçiriləcək

Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Təhsil İnstitutunun təşkilatçılığı ilə məktəblilər arasında proqramlaşdırma üzrə “AZERCELL CUP” müsabiqəsi elan edilir.

Müsabiqənin təşkil olunmasında əsas məqsəd məktəblilərin rəqəmsal dünya, informatika elmi, kompüter mühəndisliyi və proqramlaşdırmaya olan marağının artırılmasıdır. Müvafiq sahələr üzrə məntiqi təfəkkürünün inkişaf səviyyəsi, alqoritmik düşünmə qabiliyyəti və problem həlli bacarığı ilə fərqlənən şagirdlərin müəyyənləşdirilməsi üçün təşkil edilən bu müsabiqədə V-VII sinif şagirdləri iştirak edə bilərlər.

Müsabiqəyə qeydiyyat iyunun 10-dan 20-dək davam edəcək. Qeydiyyat üçün müvafiq linkə daxil ola bilərsiniz: https://bit.ly/3weumTe

Müsabiqə iki mərhələdən ibarətdir. Birinci mərhələ iyunun 27-də onlayn şəkildə keçiriləcək. Final mərhələsinin növbəti tədris ilinin əvvəlində təşkili nəzərdə tutulur.

Yekunda qalib məktəblilər beynəlxalq olimpiadalara hazırlıq dərslərinə dəvət ediləcəklər.

Qeyd edək ki, 2017-ci ildən etibarən informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Qeyd edilən müddət ərzində məktəblilərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 25 medal qazanıblar.