09.06.2021

"İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb

Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi çərçivəsində uşaqlar üçün yeni verilişlər hazırlanıb. Verilişlər layihənin “Youtube” kanalında, həmçinin “Mədəniyyət TV” və “ARB Günəş” kanallarında yayımlanır.

Belə ki, cari ilin mart ayından başlayaraq “Nazlı və dostları” adlı yeni, əyləncəli və maarifləndirici veriliş hazırlanır. Hər biri fərqli bir mövzuya həsr olunmuş verilişdə baş qəhrəman Nazlı öz dostları Xallı və Biləndər ilə birlikdə müxtəlif biliklərə yiyələnir və eyni zamanda, əylənirlər. Qeyd edək ki, hər seriyanın mövzusuna uyğun şəkildə mahnı mətnləri yazılır və onlara uyğun musiqilər bəstələnir. Hal-hazırda 11 veriliş yayımlanıb və ilk mövsum üçün ümumilikdə 25 verilişin yayımlanması planlaşdırılıb. Daha ətraflı: https://bit.ly/3cvInnL

Bundan əlavə, nağılların hər zaman uşaqlarda maraq doğurduğunu nəzərə alaraq UNICEF-in maliyyə dəstəyi ilə müəllif nağılları əsasında “Nağıl bağı” verilişi hazırlanır. Nağılların seçimi zamanı uşaqların səmərəli və əyləncəli vaxt keçirməsi ilə yanaşı, onlarda müxtəlif müsbət xüsusiyyətlərin formalaşdırılması da nəzərə alınır. Rəssamlar tərəfindən hər biri üçün rəsmlərin çəkildiyi nağıllar peşəkar aktyorlar tərəfindən səsləndirilir. Onların arasında Respublikanın Xalq artisti Kazım Abdullayev və digər tanınmış aktyorlar yer alıb. Daha ətraflı: https://bit.ly/3irRBp1

Qeyd edək ki, “Nazlı və dostları” və “Nağıl bağı” verilişlərinin quruluşçu rejissoru Əməkdar artist Qurban Məsimovdur.