04.06.2021

Metodik Dəstək Mərkəzinin regionlara səfərləri davam edir

Azərbaycan Respublikası Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.

Növbəti görüşlər 31 may - 4 iyun 2021-ci il tarixlərində Sabirabad, Saatlı, İmişli, Füzuli, Beyləqan, Ağcabədi, Xocavənd, Laçın, Ağdam, Bərdə, Tərtər və Naftalan rayon və şəhərləri üzrə metodik kabinetlərin əməkdaşları ilə keçirilib. MDM-in əməkdaşları adıçəkilən rayon və şəhərlər üzrə 100-ə yaxın metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar. Görüşlər zamanı metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyaclar qeyd edilib. 

MDM-in nümayəndələri səfər zamanı Bərdə şəhərində Təhsil şöbəsinin və metodik kabinetin əməkdaşları ilə birlikdə Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.